Tarix: 04.10.2024 / 13:39
Bu müraciət Amerika Dövlət Departamentində yazılır...  - Prezident

Bu müraciət Amerika Dövlət Departamentində yazılır... - Prezident

“Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.

Diaspora.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.

Dövlət başçısı deyib:

“O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.

Prezident bildirib ki, Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi, sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı.

Bunun səbəbləri barədə danışan dövlət başçısı bildirib:

“Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!”

Prezident deyib ki, bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür:

"Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər”.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir:

"Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq".

Şərhlər

Yaz...