Tarix: 09.08.2024 / 12:44
Bu mövzularla dünyaya çıxmaq olmaz  - Rejissor

Bu mövzularla dünyaya çıxmaq olmaz - Rejissor

“Azərbaycan filmlərinin xarici ölkələrdə yayımı ilk növbədə müştərək layihələrdən keçir. Bu da ölkəmizin Avropa Kino Fonduna üzv olunmasına bağlıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında prodüser, rejissor İntiqam Hacılı bildirib. O, 2008-2018-ci illər üçün Azərbaycan kinosunun inkişafı ilə bağlı Dövlət Proqramının olduğunu xatırladıb:

“Nədənsə aidiyyatı qurumlar bunu yerinə yetirmir. İkinci tərəf isə mövzu ilə bağlıdır. Bizim kino adamlarının əksəriyyəti kino mövzusunu bəzi dayaz təbliğat xarakterli mövzularla səhv salırlar. Bu mövzularla dünyaya çıxmaq olmayacaq. Biz Avropa Kino Fonduna üzv olsaq, müştərək layihələrimiz artacaq, kino mövzulu filmlərimiz çoxalacaq və dünyada bu filmlərin təbliğatı güclənəcək”.

İntiqam Hacılı bu məsələdə mətbuatın dəstəyinə ehtiyac olduğunu bildirib:

“Jurnalistlər artıq Azərbaycan Respublikası Kino Agentliyini sual atəşinə tutmalıdırlar ki, niyə Prezidentin Sərəncamı ilə imzalanan Dövlət Proqramındakı əsas məsələlər yerinə yetirilmir. Onlar Avropa Kino Fonduna üzvülük, kinoteatr şəbəkəsi və "Azərbaycanfilm"lə bağlı məsələlərdir. Niyə jurnalistlər həmin Dövlət Proqramını qarşısına qoyub oxumurlar? Üstündən 6 il keçib, bu işlər hələ də yerinə yetirilmir. 2008-2018-ci illərdə bu məsələlər yerinə yetirilməli idi. Bunları ancaq biz, yəni 5-10 kino adamı deyir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...