Tarix: 01.04.2024 / 13:06
“Bu istiqamətdə daha təsirli alətlər, işlək mexanizmlər tətbiq edilməlidir”  - Millət vəkili

“Bu istiqamətdə daha təsirli alətlər, işlək mexanizmlər tətbiq edilməlidir” - Millət vəkili


“Bugünkü güclü Azərbaycan dünyanın hər bir yerində yaşayan azərbaycanlıların tarixi vətəni olmaqla yanaşı, həm də qürur mənbəyidir”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir deyib.

Onun sözlərinə görə, biz dövlətimizin ərazi bütövlüyünü, suverenliyini təmin etdik:

“Azərbaycan müxtəlif beynəlxalq platformalarda ciddi təsirə və rola malikdir. Ona görə də bu gün öz inkişafının yeni mərhələsinə keçən Azərbaycan dünyanın müxtəlif nöqtələrindəki bütün azərbaycalıların taleyi ilə daha yaxından maraqlanmaq, onların təhlükəsizliyini, hüquqlarını müdafiə etmək imkanına malikdir. Bunu ölkə prezidenti cənab İlham Əliyev də dəfələrlə vurğulayıb ki, biz dünya azərbaycanlılarının hüquqlarını, təhlükəsizliyini müdafiə etmək gücündəyik, istəyindəyik. Həqiqətən də bu hər bir azərbaycanlı üçün qürurverici məqamdır”.

Millət vəkilinin sözlərinə görə, dünya azərbaycanlılarının həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün yeni ideyalar haqqında düşünmək mümkündür:

“Dünya azərbaycanlılarının həmrəyliyi həm Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, həm Prezident İlham Əliyevin fəaliyyəti dövründə əhəmiyyətli dərəcədə möhkəmlənib. Belə ki, Ulu Öndər səfər etdiyi ölkələrdə azərbaycanlı icması ilə mütləq görüşlər keçirir, onların qayğıları ilə maraqlanırdı. Eyni ilə də bu gün Azərbaycan dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrini yüksək səviyyədə qurur, onların həyat tərzi, problemləri ilə hər zaman maraqlanır. Bu, ayrıca olaraq, Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Biz 2020-ci il Vətən müharibəsi dövründə də gördük ki, dünya azərbaycanlılarının ürəyi Azərbaycanla döyünür. Xaricdə yaşayan azərbaycanlılar öz ana vətənlərinə dəstək olmağa hazır olduqlarını nümayiş etdirirdilər. Elə bunun özü bir daha göstərdi ki, dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət effektivdir və yaxşı nəticələri şərtləndiribdir”.

E.Mirbəşir qeyd edib ki, Azərbaycan tarixi inkişafın yeni mərhələsinə qədəm qoyub və bu mərhələdə öz təsir dairəsini, iştirakçılğını, rolunu daha da genişləndirmək əzmindədir:

“Bu mənada xaricdə yaşayan azərbaycanlılar da öz vətənlərinin hər zaman yanında olduğunu və Azərbaycana güvəndiklərini nümayiş etdirməlidirlər. Təbii ki, bu belədir. Hesab edirəm ki, dünya azərbaycanlıları, müxtəlif ölkələrdəki diaspor təşkilatları ilə kifayət qədər sağlam əlaqələr qurulub. Bu əlaqələrin hər zaman genişləndirilməsi imkanları mövcuddur. Müxtəlif platformalar çərçivəsində xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətinin, xalqının ümummilli maraqlarının qorunması, təmin olunması istiqamətində imkanların səfərbər edilməsi üçün daha işlək mexanizmlər haqqında düşünmək mümkündür. Bu gün “Böyük Azərbaycan xalqı” ideyası daha da genişləndirilə bilər. Çünki dünya azərbaycanlılarını böyük edən elə güclü Azərbaycan dövləti, ana vətənləridir. Həm də Azərbaycanı güclü edən dünyanın müxtəlif ölkələrindəki soydaşlarımızın yaxından dəstəyidir, hər zaman milli maraqlarımızın müdafiə olunması uğrunda göstərdikləri fədakarlıqdır. Azərbaycanın maraqlarının qorunması üçün soydaşlarımızın aktivliyinin təmin olunması istiqamətində uğurlu siyasət həyata keçirilməkdədir. Hesab edirəm ki, bu addımlar genişləndirilməlidir və Azərbaycanın hazırki yeni obrazına uyğun daha təsirli alətlər, işlək mexanizmlər tətbiq edilməlidir”.

Şərhlər

Yaz...