Tarix: 17.10.2024 / 14:20
Diaspor işini layiqli adamlara tapşırmaq lazımdır  - Siyasi şərhçi

Diaspor işini layiqli adamlara tapşırmaq lazımdır - Siyasi şərhçi

“Müasir dünyada diaspor fəaliyyəti kifayət qədər lazımlı və aktual bir məsələyə çevrilib. Dövlətin iqtisadi, siyasi, mədəni xəttinin müdafiəsi üçün diaspora mühüm vəzifələr həyata keçirir. Bu müsbət imicin yaradılması ilə yanaşı, mənsub olduğu xalqın haqq işinə dəstək göstərmək, onun dünya xalqları arasında nüfuzunu qaldırmaq missiyasını da yerinə yetirir. Bu mürəkkəb və olduqca məsuliyyətli işi layiqli adamlara tapşırmaq lazımdır. Onsuz da, Azərbaycandan kənarda tanınmış şəxslər bütün hallarda ölkəmizi təmsil edirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Mütəllim Rəhimli deyib. Onun sözlərinə görə, təşkilatlanmış şəkildə fəaliyyət daha çox effekt verir:

“Diaspora rəhbəri elə şəxs olmalıdır ki, hər kəs onu qəbul etsin. Diaspora rəhbərini həmin ölkədə yaşayan azərbaycanlılar seçməlidirlər. Əks halda, təyinat bir ölkədə yaşayan azərbaycanlıların parçalanmasına səbəb olar. Hazırda bizim diasporaların əksəriyyətində bu vəziyyəti müşahidə etmək mümkündür. Təəssüf ki, diasporaların böyük əksəriyyəti ikrah doğuran çox kiçik bir qrupun maraqlarının təmsilçisinə çevrilib. Nəticədə onlar təbii resurslar hesabına öz missiyasını yerinə yetirməkdənsə, absurd olaraq yaşaması üçün maliyyə və siyasi dəstəklə təmin olunurlar. Bütün bunlar diaspor rəhbərlərinin seçki yolu ilə deyil, təyinatla müəyyən edilməsi nəticəsində baş verir”.

Mütəllim Rəhimli qeyd edib ki, bütün bunları nəzərə alaraq diasporanın mövcud olduğu ölkələrdə onlara kobud müdaxiləyə yol verilməməlidir:

“Obyektiv və bütün tərəflərin iştirakına bərabər şərait yaratmaqla demokratik seçki keçirilməlidir. Diasporanın gücü özünün fəaliyyətini müstəqil olaraq tənzimləməsinə bağlıdır. Əgər bir diaspora ayaq üstə sərbəst dayana bilmirsə ondan hansı uğurları gözləmək olar?”

Mütəllim Rəhimlinin fikirincə, diaspora xaricdə yaşayan həmvətənlərin öz nüfuzlarından ölkələrinin xeyrinə istifadə etməsidir.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...