“Xaricdə yaşayan azərbaycanlıların, diaspor təşkilatlarının əsas işi Azərbaycana aid nə varsa onların təbliği və yaşadıqları ölkədə onun tanıdılması olmalıdır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında sosioloq Elçin Bayramlı deyib. Onun sözlərinə görə, bütün dünyada diaspor və lobbi təşkilatları, şirkətlərin xarici ölkələrdəki bölmələri, xaricdə yaşayan biznesmenlər bu işlə məşğul olurlar:
“Bundan başqa ticarət attaşeləri, xüsusi təbliğatçı marketoloqlar bu işləri aparır. Hansı ölkənin bazarında bizim hansı məhsulları yerləşdirmək imkanları necədir, rəqabət qabiliyyətli brendlərimizi necə o bazara oturtmaq olar və sair. Hətta bunun üçün qədim və milli kaloritli əfsanələr də uydururlar. Bu işi ermənilərdən öyrənmək lazımdır. Nəinki özlərininkini, hətta bizim mədəniyyətimizə aid şeyləri də özlərininki kimi bütün dünyada tanıdırlar”.
Elçin Bayramlı hesab edir ki, dünyada ən vacib sahə iqtisadiyyatdır:
“Qalan bütün sahələr yalnız iqtisadiyyatın üzərində bərqərar olur. Buna görə də, biz potensialımız olan bütün mümkün sahələr üzrə keyfiyyətli istehsal yaratmalı və onun dünyada tanıdılmasını təmin etməliyik. Bu işdə də xaricdəki təşkilatlarımız, soydaşlarımız çox böyük rol oynaya bilər”.
Jalə
Diaspora.TV