ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə ötən həftə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-ın rolu” adlı tədbirdə qayıdış hüququ məsələsində yanlış mövqedən çıxış etmiş və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol vermişdir. Xanım Kim Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barəsində bir kəlmə də deməmişdir. Bu, etnik və dini əsasda azərbaycanlılara qarşı ayrı-seçkilikdir. ABŞ rəsmisinin bu mövqeyi insanların hüquq bərabərliyi prinsipinə ziddir və bölgədə sülh və barışığa mane olur.
Diaspora.TV xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
İcma xatırladıb ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi barədə Qərbi Azərbaycan İcmasının ötən ilin aprel ayında ABŞ-ın Dövlət katibi Antoni Blinkenə göndərdiyi məktub hələ də cavabsız qalıb. Xanım Kim destruktiv bəyanatlar vermək əvəzinə, birbaşa vəzifə borcu olan həmin məktubun cavablandırılması ilə məşğul olmalıdır.
“Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha bəyan etməklə, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin olunması və onların dağıdılmış mədəni irsinin bərpası məqsədi uğrunda əzmlə davam edəcəyini bildirir. İcma ABŞ hökumətindən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edir və onu Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırır”, - deyə bəyanatda vurğulanır.