Tarix: 06.04.2024 / 11:23
“Bu diasporun potensialı böyükdür, amma güclü deyil”  - Kembricin azərbaycanlı professoru

“Bu diasporun potensialı böyükdür, amma güclü deyil” - Kembricin azərbaycanlı professoru

“Diaspor fəaliyyəti ilə əlaqədar problemlər hər bir azərbaycanlı və Azərbaycan ilə bağlı olan insanları narahat edən məsələlərdir”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasının qrup rəhbəri, professor Qərib Mürşüdov bildirib.

Onun sözlərinə görə, iki formada Azərbaycan diasporu formalaşmaqdadır:

“Birincisi, Azərbaycan dövləti ilə birbaşa əlaqəli olmasa da getdikcə böyüyən və öz yerini tapan azərbaycanlılardan ibarət diaspor. Bu diasporun potensialı çox böyükdür, amma hazırda kifayət qədər gücə malik deyil. Yenə də bu diasporun potensialından istifadə etmək məqsədə uyğun olardı. İkinci isə Azərbaycan dövləti tərəfindən idarə edilən diaspor. Bu diasporda üzvlərin sayı birinciyə baxanda bir neçə dəfə azdır. Onların işi daha çox görünür. Amma bu işlərin nə qədər effektiv olduğu haqda fikir irəli sürmək üçün onların fəaliyyətini analiz etmək lazımdır. Qeyd edim ki, ikinci diasporun fəaliyyəti kimi parlament üzvləri və siyasətçilərlə müzakirələr apararaq siyasi proseslərə müəyyən təsir göstərmək, azərbaycanlıların Azərbaycan ilə əlaqələrini möhkəmləndirmək üçün xüsusi məktəblərin açılması kimi işləri göstərmək olar”.

Professor diaspor fəaliyyətinin iki istiqamətdə aparılmasının tərəfdarı olduğunu deyib:

“Əsas istiqamət kimi Azərbaycan dövlətinin marağını müxtəlif siyasi qurumlarda, KİV-də müdafiə etmək ola bilər. Bunun üçün kifayət qədər nüfuzlu azərbaycanlıların yetişməsi vacibdir. Çox güman ki, bu uzun müddət tələb edəcək. Hazırda kritik kütlə yetişməyib. Bu istiqamətdə işlərin gələcəkdə güclənməsi üçün potensialı olan gənclərin dəstəklənməsi vacibdir. Bu nöqteyi-nəzərdən xaricdə təhsil proqramının müsbət nəticələr verəcəyinə inanıram. Əgər Avropada və Amerikada yaşayan növbəti nəsil azərbaycanlılar üçün də dəstək mexanizmi olsa, ola bilər ki, bu da müsbət nəticə verər. Amma bu gənclərə çox güman ki, mənəvi dəstək daha vacibdir. İnsanlar, əsasən də gənclər hər hansı bir qrupa məxsus olduqlarını və bu qrupun onların fəaliyyətini dəstəklədiyini görəndə daha çox motivasiya olurlar və cavabdehlik daha yuxarı qalxır".

Q.Mürşüdov vurğulayıb ki, Avropada və ya Amerikada yaşayan uğurlu azərbaycanlılardan Azərbaycanda elm, təhsil və texnologiyanın inkişafı üçün istifadə etmək də ən vacib istiqamətlərdəndir:

“Təəssüflər olsun ki, bu istiqamətdə işlər görmək üçün mexanizm ya yoxdur və ya mənə məlum deyil. Bu istiqamətdə potensialları müəyyən edən və onun Azərbaycanda istifadə etmək üçün mexanizmlər yarada bilən bir komitənin yaradılması yaxşı olardı. Əgər belə komitənin yaradılması məsləhət olsa, bunu Elm və Təhsil Nazirliyi ilə birlikdə etmək daha çox nəticələr verə bilər. Həmçinin İqtisadiyyat Nazirliyinin də iştirakı yaxşı olardı. Onu da təəssüflə qeyd edim ki, aktiv görünən azərbaycanlıların heç də hamısı potensiala malik deyil. Fikrimcə, potensialı olanları müəyyən etmək və onlardan istifadə olunması lazımdır. Hesab edirəm ki, potensialla bağlı görülən işlər birinci istiqamətdə görülən işləri də sadələşdirəcək və gücləndirəcək. Əvvəl-axır güclü elmə, təhsilə, texnologiyaya malik olan ölkənin marağını müdafiə etmək daha asandır”.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...