Tarix: 17.04.2024 / 18:29
Brüssel görüşünün təfərrüatları  - ŞƏRH

Brüssel görüşünün təfərrüatları - ŞƏRH

Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında aprelin 5-də keçirilən üçtərəfli görüşün təhlükəli təfərrüatları bəlli olmaqdadır. Xəbərlərə görə, Ermənistanın baş nazir Nikol Paşinyan bağlı qapılar arxasında Aİ və ABŞ-nin hərbi təhlükəsizliklə bağlı təqdim etdikləri pakta imza atıb. MDB məkanında təhlükəsizliklə bağlı presedent sayılan sənədlə bağlı təfərrüatlar Vaşinqton və Brüsselin riyakarlığını və yalanlarını təsdiqləyir. Halbuki, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarında iddia ediblər ki, Brüssel görüşü Bakıya qarşı yönəlməyib. Guya görüşdə sırf iqtisadi əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaqdı.

Mətbuatda yayılan xəbərlərə görə, Birləşmiş Ştatlar Brüsseldə İrəvan üçün yeni hərbi doktrinanın işlənib hazırlanmasını, hətta strateji müdafiə icmalının həyata keçirməsini təklif edib. Bu bənd iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşməsini nəzərdə tutur. Beləliklə, forpost ölkə bir dövlətin nəzarətindən çıxıb, daha geniş mənada dövlətlərin ağuşuna atılır. Yeni hərbi doktrina Ermənistanın əvvəlki müdafiə strategiyalarının yenidən nəzərdən keçirilməsi ilə yanaşı, ölkənin milli təhlükəsizlik məsələlərinə yeni yanaşmanı nəzərdə tutur. Önəmli olan odur ki, İrəvana vəd edilən 65 milyon dollar gələcəkdə arta bilər.

Birincisi, təbii ki, sazişin hədəfi Rusiyadır. ABŞ rəhbərliyi gözəl başa düşür ki, Ermənistan Azərbaycanla yeni müharibə aparmaq iqtidarında deyil. Bu səbəbdən də İrəvanı Kremlin orbitindən çıxarmağı hədəf götürüb. Qarşı tərəf də bu istiqamətdə addımlar atıb. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub, növbədə isə Rusiyanın 102 saylı hərbi bazasının Ermənistandan çıxarılmasıdır. N.Paşinyanın açıqlamalarından belə görünür ki, bu da gec-tez reallaşacaq.

İkincisi, ikitərəfli hərbi əməkdaşlıq Ermənistanın NATO ilə tərəfdaşlığının genişləndirilməsini nəzərdə tutur. Söhbət Fərdi Tərəfdaşlıq Proqramı (PARP) və Əməliyyat İmkanları Konsepsiyasından (OCC) gedir. Yəni İrəvanın sürətlə NATO-ya yaxınlaşdırılması əsas prioritetlər sırasındadır. Bu isə Ermənistan ətrafında ciddi ssenarilərin qurulmasından xəbər verir. Təbii ki, Rusiya asanlıqla Ermənistanı tərk etməyəcək. Bu da ölkənin ikinci Suriyaya çevrilməsinə gətirib çıxaracaq. Digər bir məsələ ondan ibarətdir ki, yeni paktda Ermənistan ordusunun gücləndirilməsi nəzərdə tutulub. Bura NATO ilə birgə irimiqyaslı təlimlərin keçirilməsi, təcrübə mübadiləsi, hərbi potensialın möhkəmləndirilməsi daxildir.

Yeni planda nəzərdə tutulan məsələlərdən biri də sərhəd nəzarəti və təhlükəsizliyidir. Burada İranla bağlı məqamlar da öz əksini tapıb. Belə ki, xüsusi diqqət İranla sərhədə ayrılacaq. Təbii ki, bu, Tehran rejiminin ciddi narazılığına səbəb olacaq. İslam Respublikası heç bir halda sərhədləri yaxınlığında düşmən saydığı ölkənin təlimlər keçirməsinə yol verməyəcək. Rusiya hərbçiləri Ermənistandan çıxarıldıqdan sonra ABŞ İrana qarşı daha geniş kəşfiyyat əməliyyatları apara biləcək. İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin mövqeyini bu günlərdə dilə gətirib. O bildirib ki, ABŞ və NATO münaqişələrin həlli bəhanəsi ilə regionun işlərinə qarışmağa çalışır.

İran üçün təhlükəli olan ABŞ-nin Ermənistana analitik qruplar göndərəcəyidir. Qrup Ermənistanın hava hücumundan müdafiəsi imkanlarını yenidən qiymətləndirəcək. Belə bir addım ABŞ-nin Rusiya və KTMT-nin regionda təsirini azaltmaq istəyinin tərkib hissəsidir və işin müəyyən hissəsi artıq aparılır. Fransanın Ermənistana göndərdiyi radar sistemləri də bunu sübut edir. Bu kontekstdə ABŞ Rusiyanın İrəvana hərbi təsirini azaltmaq üçün nəzərdə tutduğu Ermənistanın hava hücumundan müdafiəsini gücləndirmək planı, bununla bağlı tədarük olunan texnologiya, təlim və dəstək vasitələri ilə prosesdə əsas rol oynamağı planlaşdırır. Mühüm məsələlərdən biri də Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün İrəvana Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti verəcəyidir.

Aİ-yə gəldikdə, təşkilat Ermənistan ordusuna dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketini qəbul edəcək. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. Məlumatlara görə, Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım paketinin qəbulu məsələsində artıq Avropa İttifaqında konsensus əldə olunub.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan ərazisində qeyri-regional güclərin mövcudluğu artacaq. Hazırkı geosiyasi gərginlik kontekstində belə əməkdaşlıq Qərbin Ermənistanda Rusiyanın təsirini azaltmaq üçün növbəti cəhdidir. Görünən də odur ki, İrəvan son dərəcə riskli, onun üçün böyük faciə ilə nəticələnə biləcək oyuna qoşulub.

Azər Nuriyev
Report

Şərhlər

Yaz...