Tarix: 21.05.2024 / 18:50
Britaniyada ilk Azərbaycan cəmiyyəti quran...  – Sevil Aslanova

Britaniyada ilk Azərbaycan cəmiyyəti quran... – Sevil Aslanova

“2000-ci ilin dekabr ayından Böyük Britaniyada yaşayıram. Memarlıq və İnşaat universitetindəki Əcnəbi tələbələrlə iş üzrə fakultənin baş müəllimi olaraq Rus dili və Azərbaycan dili dərslərini tədris edirdim. Xaricilərlə münasibətdə təcrübəm pedaqoji fəaliyyət göstərdiyim zamanda başlamışdı”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Böyük Britaniyada ilk Azərbaycan cəmiyyətinin qurucusu, London Azərbaycan Qadınlar Klubunun rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun ilk təsisçilərindən biri və İdarə Heyətinin üzvü Sevil Aslanova deyib.

Onun sözlərinə görə, vətəndən getdiyi ilk gündən aktiv diaspor fəaliyyəti göstərir:

“Mən vətənə çox bağlıyam. Əvvəl anamla Almaniyaya getmişdik, 7-8 gündən sonra dedim ki, qayıdaq. Britaniyaya gedən kimi ilk işim Azərbayacan cəmiyyətinin olub-olmadığını müəyyənləşdirmək oldu. Soruşdum, gördüm ki, yoxdur, amma səfirlik var idi. Özümüz üçün kiçik bir Azərbaycan qurmağa başladıq. 2004-cü ildə Cənubi York Qraflığında (South Yorkshire) ilk Azərbaycan Cəmiyyəti Assosiasiyası təsis olundu və ətraf böyük və kiçık şəhərlərdən o taylı, bu taylı bütün həmvətənlərimiz bizə qatılmağa başladılar. Azərbaycanı tanımayan bir bölgə idi. Vətənimizi tanıtmaq üçün işə başladıq və nəyəsə nail ola bildik. Bu mənim çox xoşuma gəlirdi”.

S.Aslanova qeyd edib ki, 2014-cü ildən London Azərbaycan Qadınlar Klubunu təsis edib:

“Fikirləşdim ki, qadınlarla iş görmək daha rahatdır. Həm də qadın böyük qüvvədir. Cəmiyyətdə əsas aparıcı rol qadınların üzərinə düşür. Onlar həm uşaqlarla, həm gənclərlə işləyir, rahat ünsiyyət qururlar. Klubu 8 mart tarixində yaratdıq ki, bu da rəmzi mənada Beynəlxalq Qadınlar gününə təsadüf etmişdi. Hətta müğənni Nigar Camal da açılışımıza ATV çəkiliş qrupu ilə birgə qatılmışdı. Klubumuz hazırda aktiv fəaliyyət göstərir, tədbirlər keçirir, soydaşlarımızı bir araya toplayırıq”.

S.Aslanova deyib ki, Dünya Azərbaycanlılarının Qurultaylarının Böyük Britaniya nümayəndəsi, Avropa Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü olub:

“Bakıda və Avropada bir çox mötəbər tədbirlərdə iştirak etmişəm”.

O, əlavə edib ki, başqa ölkə və şəhərlərdən fərqli olaraq Londonda erməni diasporu aktiv deyil:

“44 günlük Zəfər savaşında dayanmadan, gecə-gündüz hadisələri izləyirdik. General-mayor Polad Həşimov şəhid olan zamandan etibarən biz daha da fəal olmağa başladıq. Vətəndə yaşanan hadisələr koronovirusu bizə unutdurdu. Əsas hədəfimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, soydaşlarımızı bir araya toplamaq oldu. Londonda düşmənlərimiz çox da fəal deyillər. Azərbaycanlılarda da passivlik var, ciddi bir hadisə olanda ancaq 300 adam bir yerə yığıla bilir”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Natavan Əfəndiyeva

Uğurlar Sevil xanim.

22.05.2024 / 16:36

Yaz...