Tarix: 02.05.2024 / 12:17
BÖYÜK evin  KİÇİK məmuru...

BÖYÜK evin KİÇİK məmuru...

Diaspora.TV olaraq dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və üzvləri ilə əlaqə yaradaraq hazırladığımız materiallarla onları həm ölkə ictimaiyyətinə, həm də bir-birlərinə tanıdırıq. Əlbəttə ki, diaspor sahəsində problemlər var və bunu heç kim inkar etmir. Hətta açıqlamalarında bunu diaspor nümayəndələri özləri də çəkinmədən dilə gətirir.

Diaspora.TV olaraq ümumi fikrə əsaslanıb analitik yazılarla çıxış edir, problemi təqdim etməklə yanaşı, onun həlli yollarını da göstərməyə çalışırıq.

Aprelin 9-da Diaspora.TV-nin Analitik Qrupu “Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?” başlıqlı məqalə ilə çoxlarının düşündüyü, amma deyə bilmədiklərini gündəmə gətirdik. Məqalənin məğzini, mahiyyətini anlamadan diletant yanaşma ortaya qoyanlar öz düşüncə tərzi ilə həm də dayaz yanaşma sərgilədi.

Kayseridəki “Şuşa” Azərbaycan Evinin rəhbəri Elşən Qənbərov isə qərəzli yanaşmanı deyə bilməyənlərin fikirlərinin cəmini öz “cavabında” büruzə verdi. E.Qənbərova ünvanladığımız sual görəsən niyə qıcıq doğurdu.

Həmin suallar bunlar idi:

1. Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı yaşadığınız yerlərdə gördüyünüz işlər nədən ibarət olub?

2. Diaspor fəaliyyətinizdə qarşılaşdığınız əsas problemlər hansılardır və onun həlli yollarını necə görürsünüz?

3. Azərbaycan diasporunun yaşadığınız ölkənin, şəhərin ictimai-siyasi həyatına, eləcə də mediasına nüfuz etməsi üçün hansı işlər görülməlidir?

Bəs görəsən E.Qənbərov bu suallarda hansı pis niyyəti gördü ki, “əgər Türkiyədə diaspora fəaliyyətlərinə ehtiyac yoxdursa, təmsil etdiyiniz qurumun xəbər portalında da belə məlumatlar yazırsınızsa, demək ki, bizim haqqımızda olan məlumatlara ehtiyac yoxdur” deyir və bizə aprelin 9-da dərc etdiyimiz məqalənin linkini xatırladır.

Tədbirlərdə, konfranslarda ağız dolusu, pafosla çıxış edib Azərbaycan diasporunu belə təmsil edirlərmi?

Siz diasporun hansı məqsədlərə xidmət etdiyini bilmirsinizmi?

Siz belə cavabla bizi təəccübləndirmədiniz cənab Elşən Qənbərov...

Amma siz bizi təəccübləndirə bilərdiniz. Məsələn, deyə bilərdiniz ki, bəli, Türkiyədə Azərbaycan evlərinə məhz bu səbəblərə görə ehtiyac var. Gördüyünüz işləri sadalayar və görəcəyiniz işlərin anonsunu verə bilərdiniz. Biz sizə həm də oxuyub, lakin sosial-fəlsəfi, ümummilli mesajını, sətiraltı mənasını aydın dərk edə bilmədiyiniz həmin o məqaləyə cavab haqqı tanıdıq.

Lakin bütün bunların heç birini etmədiniz. Bir sağlam tənqidi kimlərinsə direktivləri əsasında prinsipə çevirdiniz.

Biz Diaspora.TV olaraq sizin rəhbərlik etdiyiniz o BÖYÜK Evin fəaliyyətini izləyəcək və görülən işləri ictimailəşdirəcəyik.

Əlbəttə, bunu sizə görə yox, böyük Azərbaycan, qüdrətli dövlətimiz, şanlı millətimiz və ən nəhayət Müzəffər Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək məqsədi ilə edəcəyik. Nədən ki, hədəfimiz budur.

Bizim Azərbaycan adlı BÖYÜK EVin ambisiyaları özləri qədər KİÇİK məmurları ilə işimiz yoxdur.

Hörmətlə,
Diaspora.TV-nin
Analitik Qrupu


Şərhlər

Yaz...