“Teatr və tamaşalara görə, xaricə tez-tez səfərlərim olur”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında aktyor, Əməkdar artist Şövqi Hüseynov deyib.
Ş.Hüseynovun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının dəstəyi ilə xaricə üz tutur:
“Teatrın tanıdılması istiqamətində daima çalışıram. Ən son Moldovada Beynəlxalq Teatr festivalına qatıldım. Bizim orada güclü diasporamız var. Hər şey yüksək səviyyədə keçirildi. Bir neçə il əvvəl Ukraynaya, Rusiyaya, Şri-Lankaya səfərlərimiz olub. Londona da səfər zamanı bir daha şahidi olduq ki, azərbaycanlılar yerli cəmiyyətlə kommunikasiyadadırlar. Bizim səfərimizdən xəbərdar olan soydaşlarımız gəlib görüşdü, tamaşalarımızı izlədilər”.
Aktyor qeyd edib ki, mədəniyyətimiz kifayət qədər zəngindir və onun tanıdılması mühüm faktordur:
“Fikrimcə, Avropada, eləcə də digər ölkələrdə özümüzü olduğumuz kimi təqdim etməliyik. Avropalılara ayaq uydurub, “baxın biz də sizin kimiyik” deməyə ehtiyac yoxdur. Bir sıra ölkələrdə aktyorluq qabiliyyətimə, oynadığım tamaşalara görə mükafatlara layiq görülmüşəm. Səbəbi də azərbaycanlı kimi, rollarımı özümüzə məxsus formada oynadığım üçün bu xaricilərdə maraq yaradır. Bir italiyanlıya “spagetti” təqdim etsək maraq göstərməz, xaricilər özlərindən çox bilmədikləri mədəniyyətə, adət-ənənəyə, filmlərə daha maraqlıdır”, - deyə Ş.Hüseynov bildirib.
Xəyalə Zöhrab
Diaspora.TV