Tarix: 19.08.2024 / 09:11

Bizim cəmiyyəti görməzdən gəlirlər

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Almaniyanın Hannover şəhərində yaşayan soydaşımız, “Sevda” Qocalar Evinin rəhbəri, iş qadını Sevda Yunusova olub.

S.Yunusova müsahibədə Almaniyada diaspor fəaliyyətindən, iş qadını kimi qurduğu baxım evlərinin prinsipindən söz açıb.

Onun sözlərinə görə, türklər üçün Hannoverdə ilk baxım evinin qurucusdur:

“24 ildir Almaniyada yaşayır və fəaliyyət göstərirəm. Əsl peşəm tibb bacısıdır. Sonra qocalar evi açdım. Almaniyada bunu etmək asan deyil, ilk olduğu üçün maraqla qarşılandı. Bu evin açılmasına görə, il yarım gözləməli oldum”.

S.Yunusova bildirib ki, “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətini də o maliyyələşdirir:

“Cəmiyyəti də mən təsis etmişəm. Üzv olan xanımlarımıza dedim ki, siz aktiv olun, işlər icra edin, nə zaman dəstək lazım olarsa, mən hazıram. Rəbiyyə Nəbiyeva və 11 azərbaycanlı xanım həmin cəmiyyəti idarə edirlər. Gələn il cəmiyyətimizin 10 ilidir”.

S.Yunusovanın sözlərinə görə, diaspor fəaliyyətində heç bir qurumdan və şəxsdən dəstək almırlar:

“Yaşadığımız yerdə bizneslə məşğul olan soydaşlarımız var. Birinin oteli, digərinin restoranı və s. Lakin heç biri biz tədbir edəndə, bir konsert proqramı təşkil etmək istəyəndə kömək etmirlər. Bizi elə geri salan da budur. Birlik yoxdur, bir-birinə bir işdə yardım etmək istəmirlər”.

“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Hannoverə gəlişini təsadüfən bildik, bizi dəvət etməmişdilər. Cəmiyyətin xanımları ilə birgə onun görüşünə getdik. Nə qədər sözlər verildisə, hamısı orada qaldı. Biz bir Azərbaycan evi açmaq istədik, müraciətimiz elə orda qaldı, 3 ildir hələ də cavab almırıq. Dəfərlərlə müraciət etməyimizə baxmayaraq, nə bir tədbirimizə, nə də bir Azərbaycan naminə gördüyümüz işlərdə dəstək olmadılar. Ümumiyyətlə, bizim cəmiyyəti görməzdən gəlirlər. Biz də diaspora qarşı səsimizi kəsmişik”, - deyə S.Yunusova bildirib.

Diaspor fəalı gələcək layihələrindən də bəhs edib:

“Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Eyyub Yaqubovu dəvət edəcəyik. Novruz Bayramında Gülüstan Əliyeva, Brilliyant Dadaşova kimi müğənnilərimizi dəvət etmək istəyirik. Eyni zamanda Azərbaycan evi açmaq planımız var”.



Şərhlər

Yaz...