Tarix: 06.06.2024 / 08:22
Biz bu istiqamətdə ciddi düşünməliyik   - Ceyhun Məmmədov

Biz bu istiqamətdə ciddi düşünməliyik - Ceyhun Məmmədov

“Söhbət azərbaycanlıların kompakt yaşadığı yerlərdə din xadimlərinin təyin olunmasından gedirsə belə bir təcrübə Türkiyədə var. Türkiyə Respublikasının səfirliklərində bu cür din xadimləri var və onların əsas fəaliyyəti prosesin tənzimlənməsi istiqamətindədir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat səfirliklərin nəzdində dini xidmətlər üzrə müşavirlərin olduğunu qeyd edib:

“Bunu bütün böyük şəhərlərdə həyata keçirmək çətindir. Amma hesab edirəm ki, bəzi ölkələrdə ilkin olaraq din xadimlərinin təyin olunması məsələsi nəzərdən keçirilə bilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə bir sıra dövlətlərdə, məsələn, Türkiyədə, Gürcüstanda, Rusiyada yaşayan insanların dinlə bağlı məsələlərinin tənzimlənməsi, dəstək verilməsi məqsədilə din xadimlərinin fəaliyyəti mümkündür. Ancaq hər bir şəhərdə bunu həyata keçirmək çətindir”.

C.Məmmədovun fikrincə, bu kifayət qədər mürəkkəb bir prosesdir:

“Azərbaycanın xaricdəki səfirliklərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ya dövlətimizin nümayəndəliyinin təşəbbüsü ilə müəyyən addımlar ata bilərik. Proses hazırda bu formada tənzimlənə bilər. Rusiyanın bütün iri şəhərlərində azərbaycanlılar yaşayır. Mərhələli şəkildə prosesə başlayıb, gələcəkdə bu istiqamətdə müəyyən addımların atılması məsələsi gündəmdə saxlanıla bilər. Hesab edirəm bu çox önəmli məsələdir, odur ki, biz bu istiqamətdə ciddi düşünməliyik”.

C.Məmmədov xarici ölkələrdə yaşayanların dini ehtiyaclarının ödənilməsinin vacibliyini vurğulayıb.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...