Tarix: 28.11.2024 / 10:04

Biz Azərbaycan üçün çalışdıq, amma bu nazirlik bizi görməzdən gəldi - Pakistanlı gənc lider Diaspora.TV-də

Diaspora.TV-də yayımlanan “Azərbaycanın dostları” verilişinin növbəti buraxılışının qonağı Pakistan Gənclər Hərəkatının lideri Qeysər Nəvvab olub.

Q.Nəvvab müsahibədə Azərbaycan sevgisindən, Pakistanda yaşayan azərbaycanlılardan, Pakistan-Azərbaycan dostluğundan bəhs edib:

“Azərbaycana ilk səfərim deyil. Tez-tez gəldiyim, gəzdiyim ölkədir. Sıx əməkdaşlığa da hər zaman açığıq. Daha çox Şuşanı sevirəm. Orada Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşdüm. Şüşanın havası, insanları, təbiəti və gözəlliyi məni məftun edir”.

Q.Nəvvab iddia edib ki, Azərbaycanla Pakistanın münasibətləri əvvəlki kimi isti deyil:

“Çox istərdim Cənab Ali Baş Komandan İlham Əliyev bu məsələni gündəmə gətirsin, münasibətlər əvvəlki kimi daha da sıx olsun. Çünki 44 günlük Zəfər savaşında Pakistan, xüsusilə də bizim gənclər təşkilatı çox fəal olduq. Lakin Gənclər və İdman Nazirliyi bizim fəaliyyətimizlə bir dəfə də olsun maraqlanmadı. Hələ də maraqlanmır. Bu kimi davranışlar münasibətləri soyudur. Hansı ki, bizim təşkilat Qarabağla bağlı Pakistanda xeyli iş görüb. Yerli cəmiyyətə və eləcə də gəlmələrə Qarabağ həqiqətlərindən bəhs edərək həm azərbaycanlı, həm də pakistanlı gəncləri bu prosesə qoşmuşuq”.

Q.Nəvvab Pakistandakı Azərbaycan diasporunun aktiv olmadığını da diqqətə çatdırıb:

“Pakistan böyük bir ölkədir, uzun sərhədləri var. Bu səbəbdən Pakistanda yaşayan azərbaycanlılar bir-biriləri rahat ünsiyyət qura bilmir, yalnız uzaqdan əlaqə saxlayırlar. Həmçinin sayları da çox azdır. Buna görə də diasporun işini aktiv hesab etmək olmaz. Ancaq yenə də nə zamansa müraciətlər olsa, mütləq geridönüş edirik. Xüsusilə də gənclərə qapımız hər zaman açıqdır”.


Şərhlər

Yaz...