Azadlığa qandal vurulan məmləkətlərdə azad olmaq istəyi daha güclüdür. Bu, bir ehtiyaca, hədəfə, mübarizəyə dönür. Mərhumiyyətlər, təqiblər, həbslər azadlıq aşiqlərinin yolunda, sadəcə, əngələ çevrilir, amma savaşını dayandırmağa gücü çatmır! Əksinə, mübarizə gücünü artırır!
Əhməd Mehribani də həyatını azadlıq mübarizəsinə həsr etmiş güneyli soydaşlarımızdan biridir…
O, 1936-cı il aprelin 4-də Azərbaycanın qədim şəhəri Təbrizdə dünyaya göz açıb. 1942-1954-cü illərdə orta təhsil alıb.
Ali təhsil almaq üçün Almaniyaya gedib. 1956-cı ildə əvvəlcə Yohann Volfqanq Göte İnstitutunda iki ay alman dilini öyrənib.
1956-1962-ci illərdə Göttingen Universitetində kimya mühəndisi ixtisası üzrə təhsil alıb. 1963-1968-ci illərdə təhsilini Qərbi Berlin Universitetində biologiya sahəsi üzrə davam etdirib.
Biologiya elmləri doktoru elmi dərəcəsininə qədər yüksəlib.
1968-1972-ci illərdə Almaniya Biologiya Akademiyasında elmi işçi kimi çalışan Əhməd Mehribani “Alliance France”da iki ay ərzində fransız dilini öyrənib. 1972-1989-cu illərdə Parisdə və Strasburqda Fransız Araşdırma Mərkəzində işləyib. 1989-2017-ci illərdə isə şirkətin baş direktoru vəzifəsini icra edib, neft sənayesində yeni texnologiyaların tətbiqinə nail olub. O, həmçinin “HERO-Chem” şirkətində kimya və neft-kimya materiallarının tədqiqatını aparıb.
Mübarizə ilə dolu zəngin siyasi fəaliyyət
Əhməd Mehribani siyasi fəaliyyətlə də məşğul olub. Azərbaycan sevgisi onu 16 yaşında siyasi mübarizə meydanına atıb.
Əhməd Mehribani siyasi mübarizəyə başladığı günləri belə xatırlayır:
“Mübarizəyə görə SAVAK-ın əlinə keçdim. Amansız işgəncələr verdilər, tüfənglə elə zərbə endirmişdilər ki, 3 qabırğam sındı, bədənimdə ağır fəsadlar yarandı. Qulağıma və üzümə güclü zərbələr endirdiklərinə görə eşitmə qabiliyyətimin 60%-ni itirdim”.
Əhməd Mehribani 19 yaşında təhsil almaq üçün Qərbi Almaniyaya - Göttingen şəhərinə gedəndə anlayıb ki, burada heç kəs Azərbaycan deyilən bir məmləkətin varlığından xəbərdar deyil:
“Azərbaycanı tanıtmaq üçün müxtəlif qruplarla mədəniyyət birliyi yaratdıq. Həftə sonları Azərbaycan gecələri keçirdik. Biologiya üzrə təhsilimi davam etdirmək üçün getdiyim Qərbi Berlində azərbaycanlı dostlarla “Azərbaycan gecələri” keçirirdik. Bu kimi tədbirlərdə almanlarla ədəbiyyat, siyasət və tarix mövzularında müzakirələr aparırdıq.
Sonra Fransaya getdim. 1973-cü ildə Fransada azərbaycanlı dostlarla Azərbaycan Mədəniyyət Dərnəyinin yaradılmasına icazə almaq üçün müraciət etdik. 1986-cı ildə nəhayət ki, icazə ala bildik - Strasburq Azərbaycan Mədəniyyət Cəmiyyətini yaratdıq. İkinci assosiasiyanı dostum cənab Dr. Nurəddin Qərəvi Almaniyanın Bonn şəhərində təsis etdi.
Daha sonra tələbələr müxtəlif şəhərlərdə mədəniyyət birlikləri yaratmağa başladılar. Biz Azərbaycan mədəniyyətini tanıtmaq məqsədi ilə konsertlər təqdim etdik, Bakıdan musiqiçilər, ifaçılar gətirdik. Bütün xərcləri özüm qarşılayırdım. Konsertlər Strasburqda, Fransa və Almaniyanın müxtəlif şəhərlərində keçirilirdi. Nəhayət, almanlar, fransızlar bu qənaətə gəldilər ki, Azərbaycan xalqı qədim mədəniyyətə sahibdir”.
Azərbaycanla əyani tanışlığın məyusluğu…
Əhməd Mehribani Azərbaycanın neft-kimya sahəsinin inkişaf etdirilməsində də maraqlı olub. Soydaşımız illər öncə baş verən bir hadisəni belə xatırlayır:
“1988-ci il idi. Zəhmətkeş, ciddi və vətənpərvər insan olan Əli Əkbərov adlı dostum mənə dedi ki, Azərbaycanda neft-kimya sənayesində, neft quyularında texniki problemlər var. O vaxt dostum neft sahəsində rəhbər vəzifədə işləyirdi. Xahiş etdi ki, araşdırma aparım, mən də razılaşdım. Dostum əvvəlcə məni cənab Natiq Əliyevlə ("Azərneft"in rəhbəri) tanış etdi. Məsələ ilə bağlı söhbət etdik və bir qərara gəldik, müqavilənin mətni hazırlandı. Müqavilədə yazılmışdı ki, ilk olaraq Almaniyanın "HERO-Chem" şirkətindən müsbət cavab alsaq, bu sınağa sərmayə qoyaraq Azərbaycanda həyata keçirəcəyik. 30 neft quyusu üçün bütün xərclər və avadanlıqlar "HERO-Chem" şirkətinin məsuliyyətində idi.
Pilot layihə Abşeronda, Lökbatanda və Pirallahı adasında müsbət nəticələrlə başa çatdıqdan sonra quruda, dənizdə bütün quyu və kompressorların düzgün çalışması üçün yenidən qurulacaqdı.
Quyularda yeni mexanizm tətbiq etdik, gözəl nəticəsi oldu. Hər 3 aydan bir Almaniyadan gəlib işləri yoxlayırdım, hər həftə isə işçilərdən quyuların vəziyyəti ilə bağlı məlumat alırdım.
Beləliklə quyuların bərpası 4 il davam etdi. Bakı, Abşeron, Lökbatan və Pirallahıda müsbət nəticələr əldə olundu.
Pilot layihəmizin büdcəsi ümumilikdə 630 000 ABŞ dolları idi.
Təəssüf ki, bir müddət sonra Natiq Əliyev bizimlə işləmək istəmədi, müqavilə bağlamaqdan yayındı. Büdcənin çox pul tutduğunu əsas gətirərək, müqaviləni pozdu və biz 630.000 dollarlıq zərərə düşdük.
Bu qədər vaxt və maliyyə itkisindən sonra şirkətə əliboş qayıtdım.
Natiq Əliyev bizimlə müqavilə imzalamağa ona görə razı olmadı ki, 3 aydan bir Leninqraddan (indiki Sankt-Peterburq) keyfiyyətsiz texnika alırdılar, bu, onlara sərf edirdi, yaxşı qazanırdılar. Amma bizimlə işləsəydilər, özləri üçün qazana bilməyəcəkdilər…
…2017-ci ildən ağciyər xəstəliyinə tutuldum, işdən çıxdım, hazırda təqaüdçüyəm”.
Milli mücadilə nəşrlərlə, kitablarla davam edir…
Əhməd Mehribani yaradılan cəmiyyətlərin təkcə tədbirlərə deyil, bir çox kitabın nəşrinə nail olduğunu və onları pulsuz payladıqlarını bildirir. Onların arasında “Fərqli cəmiyyətdə milli kimliyin formalaşması” (Şimali Azərbaycan, 1905-1920-ci illər, müəllifi Suitoçuski, ingiliscədən farscaya çevirəni Yaşar Aydın Təbriz), “Azərbaycan və ...”, “Qarabağın Dağlıq Qarabağı” (Fransa, 1989-cu il, Fransız dilində, müəllifi Əhməd Təbrizli), “1918-ci ildə Azərbaycan qırğını”, “Güney Azərbaycanda Milli Demokratik Hərəkatlar” (Fransa, Strasburq, 1320-1325-ci illər, müəllifi Əkrəm Rəhimli, farscadan fransız dilinə çevirən Eden Əsgər Tac Əhmədi), “Cənubi Azərbaycan, Sovet İttifaqı, Amerika, İngiltərə qarşıdurması” (Fransa, Strasburq, 1325-1320-cu illər, müəllifi Cəmil Həsənli, tərcüməsi Ədən Əsgər Tac Əhmədi), “Azərbaycan tarixi” (Fransa, Strasburq, 1992-ci il, müəllifi Əkrəm Rəhimli, tərcüməçi Eden Əsgər Tac Əhmədi), “Arazın hər iki tərəfində müsəlmanların qırğını” (Cənubi Azərbaycan, Təbriz, 2004-cü il, müəllifi Ostad Səməd), iki cilddən ibarət “Azərbaycan Xalq Cümhuriyyətnin xarici siyasəti” (Təbriz, 1918-1920-ci illər, müəllifi Cəmil Həsənli, tərcüməçi Əsgərtac Əhmədi. Bu kitab latın əlifbasından Güney Azərbaycanın əski qrafikası ilə Təbrizdə çap edilmiş və xalq arasında yayılmışdır), beş cilddən ibarət “Azərbaycan dilində izahlı lüğət” (Fransa, Paris, 2018-ci il, tərtibatçısı Məhəmməd Əli Tac Əhmədi), doqquz dildə “Dərman bitkiləri terminologiyası” (müəllifi Dr. Əhməd Mehribani. Bu kitab tezliklə Latın, Ərəb, Azərbaycan, Alman, İngilis, Fars, Fransız, Rus və Türk dillərində çap olunacaq) nəşrləri var. Bütün bu kitablar da azadlıq mübarizəsinin tərkib hissəsidir.
16 yaşından mübarizə meydanına atılan Əhməd Mehribaninin artıq 88 yaşı var. Amma mübarizəsi hələ bitməyib, davam edir.
"Azərbaycanın güneyi, quzeyi birləşməyincə, bizə rahatlıq yoxdur!", - deyir.
Hazırladı:
Həsən Hüseynov
Javad Derakhti
Ömrünün böyük bir bölümünü Bütöv Azərbaycan həqiqətlərinin uğrunda mübarizə aparan Cənab Dr. Əhməd Mehrəbaniyə öz minnətdarlığımı bildirirəm. Ayrıca Dünya Azərbaycanlıları Kongresi DAK-in ikinci qurultayından sonra yenidən bərpası üçün böyük əmək sərf edən, Avvrupa Azərbaycanlıları Federasiyası, müstəqil Bütöv Azerbaycan Cəbhəsinin yaranmasında köməyi geçən Ağasakkalımıza müteşekkiriz. Yolu açiq, uğurları daim olsun.
13.11.2024 / 00:56