Tarix: 15.07.2024 / 08:27
Bir amalı olan diasporumuz bu gün dağıdılıb...  - Təşkilat rəhbəri

Bir amalı olan diasporumuz bu gün dağıdılıb... - Təşkilat rəhbəri

“Xaricdəki azərbaycanlıların diaspor fəaliyyətində yeni islahatlar zəruridir və günümüzün tələbidir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Niderlandda fəaliyyət göstərən “Birlikdə Güclüyük” təşkilatının təsisçisi, Azərbaycan Sosial İş İctimai Birliyi Məsləhət Şurasının üzvü İlkanə Qoca deyib.

Onun sözlərinə görə, heç bir qurumdan və şəxslərdən dəstək almadan müxtəlif layihələr həyata keçiriblər:

“Niderlandda yaşayan azərbaycanlılar tərəfindən demokratik şəkildə Koordinasiya Şurasına seçilmiş biri olaraq etimadı doğrultmağa çalışmışam”.

İ.Qoca Azərbaycan diasporunun hazırkı durumunu və inkişaf üçün görülən işləri zəif qiymətləndirib:

“Hazırda Vətəndən uzaqda yaşayan həmyerlilərimizlə işin, diaspor strategiyasının çox zəif icra olunduğunu deməyi özümə borc bilirəm. Təəssüf ki, bərabər amalı olan diasporumuz bu gün dağıdılıb, soydaşlarımız isə həvəsdən düşüb. Bu vəziyyət Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident Cənab İlham Əliyevin davam etdirdiyi diaspor siyasətinə adekvat deyil. Gələcəkdə Azərbaycanı, milli dəyərlərimizi, mədəniyyətimizi və tariximizi tanıtmaq istəyiriksə, bu sahədə ciddi islahatlara ehtiyac var”,-deyə İ.Qoca qeyd edib.

Təşkilat rəhbəri bildirib ki, dövlətimizin diaspor siyasətini icra edən müvafiq qurumda islahatlara ehtiyac olduğunu Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktubda da qeyd ediblər.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...