Tarix: 18.07.2024 / 19:43
Bəzi konsulluqlar sənədləşmədə süründürməçiliyə yol verir   - Sosioloq

Bəzi konsulluqlar sənədləşmədə süründürməçiliyə yol verir - Sosioloq

“Dövlətlərin xarici ölkələrdə səfirlik və konsulluq xidmətlərinin saxlanılması həmin dövlətin siyasi-iqtisadi maraqları və strateji planlarına uyğun tənzimlənir”.

Bu sözləri Diaspora.TV-yə sosioloq Elçin Bayramlı deyib. Onun sözlərinə görə, bu məsələdə tələblərin səviyyəsi nəzərə alınır:

“Məsələn, Rusiya kimi ölkələr var, həddindən artıq böyükdür. Orada bir səfirlik saxlamaq olmaz. Səfirlik Moskvada yerləşir. Novosbriskidən ora gəlmək üçün nə boyda məsafə qət etmək lazım gəlir. Say çoxluğu səbəbindən azərbaycanlıların sıx yaşadığı yerlərdə əlavə konsulluqlar açıla bilər”.

Elçin Bayramlı qeyd edib ki, dünyanın bütün ölkələrində böyük dövlətlər səfirlik saxlamağa çalışır:

“Bu başa düşüləndir, amma bizim kimi ölkələr çalışmalıdırlar ki, siyasətə, diplomatik korpusların saxlanılmasına o qədər də pullar xərcləməyək. Milyardlarla pullar qoyulur, hansısa lazımsız ölkələrdə dəb xatirinə, formal bir səfirlik saxlamaq baha başa gəlir. Yalnız birbaşa ehtiyac və tələb, iqtisadi əməkdaşlığımız güclü olan ölkələrdə buna ehtiyac var”.

Sosioloq hesab edir ki, bəzi ölkələrdə konsulluqların sənədləşmə məsələsində çox süründürməçiliyə yol verilir, problemlər yaranır:

“Ona görə ASAN Xidmət formasında bir xidmətə ehtiyac var. Bu da tələb və təklifə görə tənzimlənməlidir. Hansı ölkədə daha çox soydaşımız yaşayır ilk növbədə orada xidmət yaradılmalı və bürokratik əngəllər aradan qaldırılmalıdır. İndi internet dövrüdür, sürətli şəkildə elektron bazalardan sənədlərin hazırlanıb verilməsi mümkündür”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...