“Bizim buradakı fəaliyyətimiz çox genişdir. Müxtəlif əyalətlərdə diaspor təşkilatları var və hamımız bir-birimizlə əlaqə saxlayırıq. Bəzilərinin işlərində hərdən gecikmələr olur, amma sonra yenə fəallaşırlar”.
Bu fikirləri Diaspora.tv-yə açıqlamasında Kanada Azərbaycanlıları Şəbəkəsinin üzvü, Azərbaycan Qadınlarına Dəstək Cəmiyyətinin İdarə Heyətinin sədri Yeganə Cəfərova bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsi başlayanda buradakı azərbaycanlılar dərhal təşkilatlandı:
“Burada Kanada Azərbaycanlıları Şəbəkəsi yaradıldı. Biz Azərbaycan həqiqətlərini buradakı qurumlara çatdırmaq, əks təbliğatın qarşısını almaq üçün parlament üzvləri, dövlət nümayəndələri, Xarici İşlər Nazirliyi ilə görüşdük. Düzdür, bizim qarşımızda böyük sədlər var idi. Başqa ölkələr kimi Kanada da erməniləri dəstəkləyən bir dövlətdir və Fransanın izi ilə gedir. Bütün bunlara baxmayaraq, biz burada qalib gəldik. Ermənilərin havadarları olan yunan senatorların erməniləri dəstəkləyən sənədinin qəbul olunmasının qarşısını aldıq və Azərbaycana qarşı sanksiya qəbul olunmadı. Eyni zamanda iki il əvvəl biz burada Xocalı soyqırmını tanıtdıra bildik”.
Y.Cəfərova vurğulayıb ki, Azərbaycan əleyhinə bir yazı dərc olunarsa, həmin media orqanından açıqlama tələb edirik və görüşürük:
“Hətta xeyli danışıqlar aparıldıqdan sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərində minaların təmizlənməsi ilə bağlı Kanada hökuməti çox az miqdarda da olsa pul ayırdı. Amma yenə də bu istiqamətdə danışıqlar davam edir. Tərəfimizdən Kanada parlamentində “Azərbaycan günləri” keçirilir. Burada Azərbaycanın mədəniyyəti, tarixi, milli adət-ənənələri nümayiş olunur. Dəvətlər alırıq, görüşlərə gedirik. Demək olar ki, bizi Kanada parlamentinin üzvləri tanıyır. Özüm Torontoda Ontorio əyalətində yaşayıram. Amma bizim gördüyümüz işlərin əhatəsi daha genişdir”.
Y.Cəfərova söyləyib ki, Azərbaycan Qadınlarına Dəstək Cəmiyyəti Kanadada rəsmi qeydiyyatdan keçdiyi üçün müxtəlif yardımları həyata keçirə bilir:
“Biz bu təşkilat vasitəsilə başqa millətlərə də yardımlar göstəririk. Məsələn, Türkiyədə zəlzələ zamanı insanlara kömək etdik. Ukraynadakı müharibə ilə bağlı yardımlarımız oldu. Bu yardımlara maddi vəsaitlə yanaşı, dərman və sair vasitələr daxildir. Yəni, bir çox yerlərdə bizi tanıyırlar. Artıq 18 ildir Toronto şəhərində şəhər Təhsil Mərkəzinin tərkibində “Azərbaycan dili” dərsləri keçirilir, iki sinifimiz var. Yəni, Kanadada xarici 51 dildən biri kimi “Azərbaycan dili” tədris olunur. Eləcə də bizim elə bayramımız, tədbirimiz yoxdur ki, parlament üzvləri iştirak etməsin. Qeyd edim ki, 2005-ci ildən bu yana hər il Toronto şəhər Şurasının önündə Azərbaycan bayrağı qaldırılır və tədbirimizdə dövlət nümayəndələri iştirak edirlər. Yəni, Azərbaycanı həm siyasi, həm mədəni baxımdan təmsil edirik”.
Problemlərdən danışan Y.Cəfərova qeyd edib ki, çətinliklər var. Onun sözlərinə görə, maliyyə baxımından bir sıra işləri reallaşdırmaq mümkün deyil:
“Bizim diasporun ermənilər, yəhudilər kimi birlik nümayiş etdirməməsi kimi fikirlər səsləndirilir. Onu deyim ki, bəzi işə yaramayan adamlar liderlik iddiasında düşür. Nəticədə, belələri irəli keçir, amma insanları arxasınca apara bilmir. Yaxud da, insanlar elə fikirləşir ki, kimlərsə buradan nə isə qazanır və onlar kənarda qalır. Bəzən bu səbəbdən birlikdən uzaqlaşırlar. Əslində istər Azərbaycanda, istərsə də Kanadada ziyalılar, iş adamları bir olmalıdır. Hər kəsin öz işi olmalıdır və bacardıqları sahəni irəli aparmalıdır. Bu cəhətdən insanlar birləşə birlərlər. Biz indiyədək nə etmişiksə, öz hesabımıza etmişik. Elə olub ki, bir çox tədbirlərdə Azərbaycanı tək təmsil etmişəm. Əvvəllər bir sıra işləri öz hesabıma həyata keçirmişəm və başqa nəyə isə ehtiyacım olmayıb. Amma indi işlərimizin böyüməsi səbəbi ilə bizim böyük bir binaya, mərkəzə ehtiyacımız var. İkincisi, burada bütün dinlərə aid olan inanclı insanların məbədi var, amma Azərbaycan adına bir məscid belə yoxdur. Biz bununla bağlı bir neçə dəfə müraciət etmək istəmişik, amma Azərbaycanda bizi eşidəcək ünvanı tapmamışıq. Düzdür, biz türklərin buradakı məscidinə gedirik. Məcbur qaldıqda isə fars məscidinə də üz tuturuq. Hesaba edirəm ki, dinin özü bir siyasətdir. Onu deyim ki, burada dinlər sərbəstdir və millətlər öz dini adət-ənənəsini yaşada bilər. Düşünürəm ki, bəs biz niyə yaşatmayaq? Ümid edirəm ki, biz birləşdikcə, tez-tez göründükcə Kanada dövlətindən yer ala biləcəyik. Bəlkə biz burada məsciddə tikə biləcəyik. Amma hər şey maddiyyata bağlı olduğu üçün biz geri qalırıq. Ümid edirəm ki, bu prolemlər tezliklə aradan qalxacaq və bunun üzərində çox ciddi çalışırıq. Bəlkə də yaxın zamanlarda müsbət nəticə əldə edəcəyik”.
Bəxtiyar Məmmədli
Diaspora.tv