Tarix: 04.07.2024 / 08:34
Bəzən onların səfərləri turist səyahətindən fərqlənmir   - Yazıçı

Bəzən onların səfərləri turist səyahətindən fərqlənmir - Yazıçı

“İstənilən halda, ölkəmizə xarici media nümayəndələri, blogerlərin dəvət olunması yaxşı haldır: ən azı, onlar gəlib Azərbaycan həqiqətlərini öz gözləri ilə görürlər. Hətta öz ölkələrinə qayıtdıqdan sonra burada gördükləri həqiqətləri işıqlandırmasalar belə, hər halda onlarda Azərbaycan haqda doğru-düzgün təsəvvür yaranır”.

Bu sözləri Diaspora.TV-yə şair, yazıçı, jurnalist Əvəz Qurbanlı deyib. Onun sözlərinə görə, Azərbaycana dəvət olunan jurnalist və blogerlər çox vaxt susmağa üstünlük verirlər:

“Bunun da müəyyən səbəbləri var. Birincisi, müstəqil xarici (xüsusilə Qərb) media nümayəndələri bizim istədiyimizi deyil, öz auditoriyası üçün maraqlı olan faktları işıqlandırır. Bu səbəbdən də biz onları ümumiyyətlə dəvət etmirik. İkincisi, bizim tələblərimizə cavab verən xarici media təmsilçiləri də çox vaxt müstəqil medianın tələblərinə cavab vermir: ya nüfuz sahibi olmadıqları üçün beynəlxalq aləmdə onların səsləri eşidilmir, ya da hansısa səbəblərdən susmağa üstünlük verirlər, eləcə “gəlib gedirlər”. Beləliklə, onların səfərləri mahiyyətcə turist səyahətindən fərqlənmir”.

Əvəz Qurbanlı hesab edir ki, xarici media ilə əməkdaşlıq məsələsi doğrudan da vacibdir:

“Ancaq biz maraqlı olmalıyıq ki, ölkəmizə dəvət etdiyimiz jurnalist və blogerlər həm özləri, həm də onların təmsil etdikləri media qurumları sivil dünyada nüfuz sahibi olsunlar, nəinki günlərini “yola verən”, sakitcə gəlib gedənlər... Qeyd etdiyim kimi, xarici media ilə əməkdaşlıq vacibdir”.

Əvəz Qurbanlı əlavə edib ki, bu məsələdə Azərbaycanın da üzərinə müəyyən öhdəliklər düşür:

“Gərək biz də ən çox tənqid olunduğumuz problemləri aradan qaldıraq ki, müstəqil xarici media subyektlərinin hədəfi olmayaq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...