Tarix: 01.06.2024 / 08:45
Bəzən diaspor anlayışını yanlış başa düşürük...   - Redaktor

Bəzən diaspor anlayışını yanlış başa düşürük... - Redaktor

“Əvvəlcə bilmək lazımdır ki, media və diasporu birləşdirən ortaq amil deyərkən nə nəzərdə tutulur? Nəzərdə tutulan yerli media ilə diasporun fəaliyyətidirsə, tərəflərin maraqlarını bir araya gətirmək üçün müxtəlif yollar var. Birinci növbədə, diaspor təşkilatı ilə medianın işbirliyi olmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında "Report" İnformasiya Agentliyinin redaktoru Elgün Mənsimov deyib.

Onun sözlərinə görə, media özü də diaspor təşkilatları ilə əməkdaşlıq etməkdə, onların fəaliyyətini və məqsədlərini daha geniş auditoriyaya çatdırmaqda maraqlı olmalıdır:

“Nəticə etibarı ilə diasporun istənilən fəaliyyəti Azərbaycan dövlətini təmsil edir, onun maraqlarını müdafiə edir. Bu, bir qədər də korporativ sosial məsuliyyət məsələsidir. Bu məsuliyyəti hiss edən media orqanı diaspor təşkilatlarının və onların fəaliyyətinin geniş auditoriyada işıqlandırılmasına qısqanclıqla yanaşmır. Əlbəttə, fəaliyyətini tamamilə biznes maraqları üzərində quran media resursu barədə bunları demək mümkün deyil. Ona görə də bu məsələdə diaspor təşkilatları da səy göstərməlidirlər”.

E.Mənsimov hesab edir ki, onlar media ilə əlaqələrini hər bir istiqamətdə düzgün qurarlarsa, konkret nəticə də əldə olunar:

“Yox, məsələ diaspor təşkilatının fəaliyyət göstərdiyi ölkədəki media, yəni xarici media ilə ortaqlıqdan gedirsə, o zaman şərtlər dəyişir. Əslində, diaspor təşkilatı öz işini elə həmin media üzərində qurmalıdır. Təəssüf ki, biz bəzən diaspor anlayışını yanlış başa düşürük. Elə bu yanlışlıqdan dolayı da həmin təşkilat özünü fəaliyyət göstərdiyi ölkədə göstərmək əvəzinə, öz aktivliyini təmsil etdiyi ölkədə, yəni Azərbaycanda göstərməyə çalışır. Belə olduğuna görə diasporla media arasına qarşılıqlı maraqlar girir”.

E.Mənsimovun fikirincə, bəzən diaspor təşkilatı yerli mediaya çıxmaqla özünü kiməsə göstərib qazanc əldə etməyə çalışır:

“Media isə onun fəaliyyətinə dair xəbəri haqlı olaraq ödənişli əsaslarla dərc etmək istəyir. Belə olduqda heç bir təbii ortaqlıqdan söhbət gedə bilməz. Ona görə də mən təklif və təkid edərdim ki, diaspor təşkilatlarımız Azərbaycan mediası ilə deyil, xarici media ilə əmkdaşlığa köklənsinlər, bunun yollarını tapsınlar. Çünki onların gördüyü hər hansı bir fəaliyyətin mahiyyəti Azərbaycanı xaricdə təmsil etmək, yaxşı mənada tanıtmaqdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...