Tarix: 26.08.2024 / 08:13
 Belə şəraitdə birləşmək  çətindir   - Politoloq

Belə şəraitdə birləşmək çətindir - Politoloq

“Azərbaycan təcrübəsində diaspor həmrəyliyinə nail olmaq ən vacib və aktual məsələlərdən biridir. Təəssüf ki, müstəqillik illərində biz bu vacib problemi həll edə bilmədik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Zaur İbrahimli deyib. Onun sözlərinə görə, hazırda keçmiş SSRİ məkanları olan ölkələrdə belə diaspor təşkilatları bir-biri ilə lazımı səviyyədə əməkdaşlıq edə bilmirlər:

“Diaspor təşkilatlarının biz böyük alyanslarını, effektli birliklərini görmürük. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Birincisi ondan qaynaqlanır ki, biz hər zaman özümüzü erməni və yəhudilərlə müqayisə edirik. Lakin onların hər birinin yüz illərə dayanan diaspor yaratmaq təcrübəsi var. Azərbaycanda isə bu təcrübə yaxın dövrü əhatə edir”.

Politoloq hesab edir ki, əslində məsələ obyektiv təhlil olunsa bu cür ziddiyyətin və pərakəndəliyin olması haradasa təbiidir:

“Lakin digər fakt odur ki, 30 illik müddət artıq bizə nələrisə öyrətməlidir. Biz birləşmək, diaspor həmrəyliyinə nail olmaq istiqamətində daha səmərəli olmalıyıq. İkincisi, vaxtı ilə diaspor siyasətində zamanında ayrı seçkilik də müşahidə olunub. Bir qrup diaspor nümayəndələri hansısa maraqlara görə irəli çəkilib, digər diaspor nümayəndələri də ayrı-seçkiliyə məruz qalıb. Bunun özü problem yaradır. Üçüncü səbəb diaspor fəaliyyətində bir çox soydaşlarımızın məhz biznes mövqelərini möhkəmləndirmək imkanı kimi baxmasından qaynaqlanır. Diqqətlə təhlil etsək görəcəyik ki, bizim diasporlarımız daha çox iş adamları, zəngin insanlar ətrafında formalaşır. Bu isə subyektiv faktdır və konkret şəxslərin eqolarını önə çıxardır”.

Politoloq vurğulayıb ki, belə olan şəraitdə əlbəttə birləşmək və yaxud da həmrəylik etmək çətindir:

“Biz iddia eləmirik ki, onlar vətənpərvər deyillər, yaxud da Azərbaycanın milli maraqları istiqamətində hərəkət etmirlər. Bu belə deyil. Lakin kollektiv səylərə gələndə diaspor təşkilatlarının ideya, dəyərlər ətrafında deyil, yəni konkret şəxslər ətrafında bir araya gəlməsi ciddi problem yaradır. Yəni konkret şəxslərin iradəsi burada kollektiv ağılı və sağlam düşüncəni üstələyə bilib. İkinci və ən vacib səbəblərdən biridir. Üçüncüsü isə bizin diaspor təşkilatlarında birləşən soydaşlarımızın özünün də maarifləndirilməyə və məlumatlandırılmağa ehtiyacı var. Bunlar da diaspor təşkilatlarında birləşərkən daha çox hallarda şəxsi maraqları ön plana çıxarırlar. Bunun özü də ciddi problem kimi nəzərdən keçirilməlidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...