Tarix: 22.07.2024 / 10:28
“Bandit”in biridir, amma əlində böyük maliyyə resursları var   - Politoloq

“Bandit”in biridir, amma əlində böyük maliyyə resursları var - Politoloq

“Rusiyada, Gürcüstanda yaşayan soydaşlarımızın parlament seçkilərində iştirak etməsi, seçilməsi, dövlət vəzifələrində işləməsi üçün azərbaycanlıların müəyyən imkanları var. Bunlardan istifadə etmək lazımdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Elşad Həsənov deyib. Politoloq hesab edir ki, həmin ölkələrdə nə qədər çox azərbaycanlı siyasi fəaliyyətlə məşğul olsa bir o qədər də həmin ölkədə söz sahibi ola bilərik:

“Bunun üçün resurs lazımdır. Məsələn, elə götürək erməni lobbisinin Fransa hakimiyyətinə təsirini... Murad Papazyan erməni diasporunun sədridir, banditin biridir, amma əlində böyük maliyyə resursları var. Həmin imkanlar vasitəsi ilə Makron hakimiyyətinə təsir edə bilir. Bizim də soydaşlarımızın arasında imkanlı şəxslər var. Bütün bunların əksəriyyətini Vətən naminə işlətmək və onları buna inandırmaq lazımdır. Onlar qazandıqları milyonları gətirib Azərbaycana verməsələr də, bu iş naminə hər şeyə hazır olmalıdırlar”.

Politoloq deyir ki, Azərbaycan dövləti diaspor fəaliyyəti ilə SSRİ dağılandan sonra məşğul olmağa başlayıb:

“Əvvəllər xaricdə yaşayan soydaşlarımızla əlaqələr çox zəif idi. O vaxt “Vətən” cəmiyyəti deyilən bir qurum vardı, bu işlərlə onlar məşğul olurdu. Onların təkcə əlaqələri vardı, ciddi işlər aparılmırdı. Qonşularımızdan fərqli olaraq bizdə bu sahə zəif olub. Bu fəaliyyət müstəqillik qazanılandan sonra başladı. Hər bir ölkədə, xüsusi ilə böyük ölkələrdə Azərbaycan vətəndaşları yaşayırlar. Əslində onların hər biri ilə iş aparılmalıdır. Əsas iş Azərbaycan həqiqətlərini olduqları ölkənin vətəndaşlarına çatdırmaqdır. Bunun üçün də onlar sosial media və yerli televiziyalardan istifadə etməlidirlər. Onların ilk öncə maliyyə vəsaiti olmalıdır”.

Elşad Həsənov son illər xaricdə yaşayan soydaşlarımıza diqqətin artdığını ifadə edib:

“Dünya azərbaycanlılarının qurultayı keçirilir. 44 günlük müharibədə qazandığımız qələbəni dünya azərbaycanlıları böyük ruh yüksəkliyi ilə qarşıladılar. Bu da onlara böyük motivasiya oldu. Azərbaycan hökümətinin siyasətinin həyata keçirilməsində lobbi fəaliyyəti vacibdir. Çünki bunsuz iş getmir. Bu mənada bizim müəyyən çətinliklərimiz var. Amerika, Fransa, İngiltərə, Rusiyada çoxlu sayda vətəndaşlarımız yaşayır. Onların əksəriyyəti yaxşı yaşayır, bizneslə məşğuldurlar. Onların arasında elmlə məşğul olanlar da var. Bütun bunları birləşdirib Azərbaycan həqiqətlərinin həmin ölkə vətəndaşlarına çatdırılmasında vacib işlər görmək olar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...