Tarix: 03.06.2024 / 11:39
Bakıdan texniki dəstək istədik, cavab gəlmədi   - Diaspor sədri

Bakıdan texniki dəstək istədik, cavab gəlmədi - Diaspor sədri

“Üzvlərimizin əksəriyyəti İspaniya Krallığının vətəndaşlarından ibarətdir. Yerli ispanlar da birliyimizdə təmsil olunmaqdadır".

Bu sözləri Diaspora.TV-yə açıqlamasında İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov deyib.

V.İmanov qeyd edib ki, diaspora işi səmimiyyətdən və xalqalararası ictimai güvəndən keçir:

“Bizim başlıca məqsədimiz yerli topluma düzgün inteqrasiya olunmaqdır. Burada ispaniyalı olsaq da, öz milli, mənəvi və mədəni kimliyimizi qoruyub saxlamaq başlıca işlərdəndir. Bundan başqa təşkilatımız uzun illərdir yerli qanunvericiliklə rəsmi qeydiyyatdan keçib. Bu illər ərzində yaşadığımız şəhərlərin bələdiyyə və meriyasında görüşlərimiz olub. Bununla yanaşı burada keçirilən mədəni tədbirlərdə Azərbaycan mədəniyyətini təmsil etmişik. Yerli ispan mediasında dəfələrlə Azərbaycan həqiqətləri haqqında yazılar dərc etmişik. Madrid şəhərində fəaliyyət göstərən Azərbaycan səfirliyi ilə də sıx əlaqələrimiz mövcuddur. Onların da keçirdikləri ənənəvi tarixi günlərlə bağlı tədbirlərdə ailəmizlə iştirak etməkdəyik. İspaniyada yaşayan Azərbaycan diasporu çox gəncdir, biz burada 1-2-ci nəsil nümayəndələri sayılırıq”.

V.İmanov bildirib ki, şəxsi vəsaitləri hesabına işlər görürlər:

“Xüsusilə də Ermənistanın Azərbaycana qarşı yürütdüyü militarist və işğalçı siyasətinə qarşı İspaniyada dəfələrlə aksiyalar keçirmişik. İkinci Qarabağ müharibəsi ərəfəsində də fəal olmuşuq. Hazırda ispan mətbuatında ara-sıra yazılar dərc etdirə bilirik. Bunu layihə formasında Diasporla İş üzrə Dövlət Komitəsində rəhbərliklə görüşdə də diqqətə çatdırmışıq. İspan mətbuatının ən öndə gələn simaları ilə də bunu müzakirə etdik. Diaspora Komitəsinə əlaqə yaradılması və mediada yazıların dərcinə nəzarəti öz üzərimizə götürəcəyimizi bildirdik. Digər texniki dəstəyin də Bakıdan verilməsini istədik, cavab gəlmədi. Gözləyin demələrindən artıq 4 il keçib. Bizi dinləyib, sözdə tərifləsələr də bu məsələ ilə bağlı heç bir dəstək və ya iş aparılmayıb. Yuxarıda qeyd etdiyim kimi, burada yaşayan azərbaycanlılar 1-ci nəsildir və bizim böyük maliyyə gücümüz hələ formalaşmayıb”.

V.İmanov qeyd edib ki, İspaniya futbol ölkəsidir, hazırda aşağı gənclər liqalarında və futbol təmayüllü məktəblərdə azərbaycanlı gənclər təhsil alaraq, klubların heyətində təmsil olunurlar:

“Ümidvarıq ki, 2-ci nəsil diasporamızdan yeni futbol ulduzları dünyaya imzamızı atacaqlar”.

Həsən Hüseynov
Diaspora. TV

Şərhlər

Yaz...