Tarix: 01.06.2024 / 21:36
Bakıda ukraynalı uşaqlar üçün bayram tədbiri keçirildi  – Foto/Video

Bakıda ukraynalı uşaqlar üçün bayram tədbiri keçirildi – Foto/Video

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü, Ukraynalıların Azərbaycandakı Birləşmiş Diasporu və Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə müharibədən sonra Azərbaycanda sığınacaq almış ukraynalı uşaqlar üçün bayram tədbiri keçirildi.

Diaspora.TV xəbər verir ki, bayram bufeti ilə başlayan tədbir bir-birini əvəzləyən zəngin proqramlarla davam etdi.

Əvvəlcə balaca qonaqları peşəkar animatorlar və sehrbazlar əyləndirdilər, uşaqlar üz rəngləmə üsulundan istifadə edərək heyrətamiz obraza və sevimli qəhrəmana çevrilmək imkanı əldə etdilər. Uşaqlar boyalı üzlərlə bir-birindən gözəl maraqlı anlar yaşadılar.

Diaspora.TV-yə bayram tədbiri haqqında öz təəssüratlarını bölüşən Ukraynalıların Azərbaycandakı Birləşmiş Diasporunun sədri Tamilla Musayeva belə bir tədbiri təşkil etdikləri üçün Dünya Azərbaycanlılarının Beynəlxalq Fonduna və Ukraynadakı Azərbaycan diasporuna təşəkkür etdi:

“Çox sağ olsunlar ki, Ukraynadan qaçqın düşən və Azərbaycanda məskunlaşan ukraynalı uşaqlara bu sevinci yaşatdılar”.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Təhsil və gənclər komitəsinin sədri Yusif Məmmədov isə bildirdi ki, tədbiri Ukraynalıların Azərbaycandakı Birləşmiş Diasporu və Ukraynanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirirlər:

“Ümid edirik ki, tezliklə Ukraynada müharibə bitəcək və ukraynalılar bu kimi bayramları öz vətənlərində, sülh şəraitində qeyd edəcəklər”.

Tədbirdə Ukrayna və Azərbaycan dillərində cizgi filmlərinin müəllifi Nadejda Kirey bir neçə əsərini təqdim etdi və bu əsərlər iştirakçılar tərəfindən böyük sevinc və alqışla qarşılandı.

Cizgi filmlərinə baxdıqdan sonra uşaqlar arasında viktorina keçirildi, daha diqqətli olanlar müəllifdən hədiyyələr qazandılar.

Sonra şənlik konsert proqramı ilə davam etdi. Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri yaradıcılıq tamaşaları, o cümlədən rəqs nömrələri, skripka ifaları, təsirli şeirlər oxumaqla tədbirə rəng qatdılar. Təbii ki, balaca ifaçıların repertuarında Ukrayna mahnıları da var idi.

Tədbirdə iştirak edən ukraynalı ailələr də Diaspora.TV-yə bayram tədbiri ilə bağlı fikirlərini bildirdilər.


Azərbaycanda məskunlaşan ukraynalı Yulia Nuriyeva qeyd etdi ki, Ukraynalı uşaqlar müharibə şəraitində çətin anlar yaşayıblar:

“Hazırda Azərbaycanda yaşayır və bir-birimizə dəstək oluruq. Bayram tədbirini təşkil etdikləri üçün Dünya Azərbaycanlılarının Beynəlxalq Fonduna, Ukraynalıların Azərbaycandakı Birləşmiş Diasporuna və Ukraynanın Azərbaycandakı səfirliyinə təşəkkür edirik. Bayram çox yaxşı keçir, öz mədəniyyətimizi təqdim edirik”.

Azərbaycanda məskunlaşan digər ukraynalı Aleksandra Məmmədzadə isə uşaqlar üçün hazırlanan tədbirin çox maraqlı keçdiyini bildirdi:

“Mən özüm də musqiçiyəm, uşağımla birgə burda iştirak edirəm. O məni səhnədə görəndə həmişə sevinir. Ümid edirəm ki, o da gələcəkdə bu kimi tədbirlərdə çıxış edəcək. Burda iştirak edən insanların qəlbində Ukraynadan bir parça var”.

Bayram proqramının mühüm hissəsi ictimaiyyətin diqqətini Ukraynadakı müharibəyə cəlb edən fləşmob oldu.

Tədbirin sonunda Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və Azərbaycanda işgüzar səfərdə olan Ukraynanın ekologiya və təbii sərvətlər naziri Ruslan Strelets ukraynalı uşaqları bayram münasibətilə təbrik etdilər, müharibənin tezliklə başa çatmasını, hər biri ukraynalının öz vətəninə qayıtmasını arzuladılar.

Bayram tədbiri Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 70-dən çox ukraynalı uşağa hədiyyələr təqdim etməsi ilə başa çatdı.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu ötən il də 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü münasibətilə Azərbaycanda məskunlaşan ukraynalı uşaqlara bayram tədbiri təşkil etmişdi.





Şərhlər

Yaz...