Tarix: 01.05.2024 / 16:46
Bakı Forumunda miqrasiya məsələsi  müzakirə olundu

Bakı Forumunda miqrasiya məsələsi müzakirə olundu

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar" mövzusunda plenar sessiya keçirilib.

Diaspora.TV xəbər verir ki, sessiyada Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuchi, Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya və sərhədlərin subregional idarəetmə mütəxəssisi Pier M.Rossi-Longhi və digər təmsilçilər, müxtəlif ölkələrdən nümayəndələr iştirak ediblər.

Sessiya çərçivəsində qeyri-qanuni miqrasiyanın azaldılması üçün həll yolları, ümumdünya miqrant problemi, müharibə və qarşıdurmalardan zərər çəkən insanlara yardım göstərilməsi, miqrantların sosial təminatı və reinteqrasiyası ilə bağlı atıla biləcək addımlar haqqında çıxışlar edilib, müzakirələr aparılıb.

Panel sessiyada açılış nitqi ilə çıxış edən Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə xüsusi strategiya hazırlanmasını təklif edib.

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç isə Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin təmini istiqamətində gördüyü işlərin dünyaya nümunə ola biləcəyini vurğulayıb.

Şərhlər

Yaz...