Tarix: 15.05.2024 / 10:32
“Azərbyacan diasporu Qazaxıstanda bir araya gələ bilmir”-  Diaspor sədri

“Azərbyacan diasporu Qazaxıstanda bir araya gələ bilmir”- Diaspor sədri

“Təşkilatımız 2000-ci ildən fəaliyyət göstərir və Qazaxıstanın 11 vilayətində şöbəsi var. Yarandığımız gündən, Qazaxıstanın “Azad” radiosunda Azərbaycan dilində həftəlik proqramımız olurdu. Bundan başqa Abay Universitetində Azərbyacan-Qazaxıstan şöbəsi yaradılıb. Həmçinin Almatı şəhərindəki muzeydə Azərbaycan şöbəsi də yaradılıb”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Qazaxıstan Respublikasındakı “Turan” Azərbaycanlılar Konqresinin prezidenti Müseyib Novruzov deyib. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı mütəmadi işlər həyata keçirilir:

“Xalqımızın milli bayramları və hüzn günlərinin qeyd edilməsi ilə yanaşı, müxtəlif tədbirlər, film nümayişləri, dəyirmi masalar təşkil edilir. Türkdilli xalqlar da böyük məmnuniyyətlə həmin tədbirlərdə iştirak edirlər. Təşkilatımızın nizamnaməsinin əsas müddəası kimi türk dünyasının və xalqlarının ictimai-siyasi, mədəni əlaqələrinin daha da gücləndirilməsi məsələsi qarşıya qoyulub”.

M.Novruzov müxtəlif ölkələrdə olduğu kimi Qazaxıstandakı Azərbaycan diaspor təşkilatları daxilindəki münaqişələrin əsas problem olduğunu deyib:

“Bəzi “yoldaşlar”ın təşəbbüsü ilə Azərbaycan diasporu Qazaxıstanda bir araya gələ bilmir. Bəzi adamlar öz şəxsi mənafeləri üçün təşkilatın adından istifadə edirlər. Bundan başqa problemimiz yoxdur. Bizim mədəniyyətimiz, musiqimiz, ədəbiyyatımız bütün dünyada məşhurdur”.

Konqres rəhbəri qeyd edib ki, Azərbaycan diasporunun Qazaxıstanda yaşayan başqa millətlərlə çox gözəl münasibəti var:

“Son dövrlərdə türkçülük və turançılıq ideyası Qazaxıstan xalqını bizə daha da yaxın edib. Həmçinin, bizim Qazaxıstan dövləti və burada yaşayan başqa millətlərlə heç bir problemimiz yoxdur. Dəvət olunan bütün tədbirlərdə, istər musiqi festivalları, istərsə də Qazaxıstan xalqının rəsmi bayramlarında iştirak edirik. Təkcə qazaxların deyil, bütün türkdilli slavyan xalqlarının da tədbirlərində iştirak edir, milli rəqs və musiqi kollektivimizlə öz töfhəmizi veririk”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...