Xəbər verdiyimiz kimi, bu ilin sentyabrında Volqoqradın peyk şəhəri olan Voljskidə Xüsusi Hərbi Əməliyyatın iştirakçısını amansızcasına döyən azərbaycanlı Mikayıl Razakov dekabrın 2-si istintaq təcridxanasında ölü tapılmışdı. Lakin 29 yaşlı gəncin ölüm səbəbləri bilinmirdi.
Diaspora.TV Rusiya KİV-ə istinadən xəbər verir ki, onun ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Volqoqrad vilayəti üzrə Federal Cəzaçəkmə Xidmətinin məlumatına görə, Razakov xəstəliyinin kəskinləşməsi nəticəsində aparılan reanimasiya tədbirləri zamanı dünyasını dəyişib. Onun ölümünə ağciyər arteriyasının tromboemboliyasının səbəb olduğu vurğulanıb.
Mərhumun atası Aydın Razakov isə oğlunun ölümündə müəmmalı məqamların olduğunu bildirib. Onun sözlərinə görə, Mikayılın heç bir xroniki xəstəliyi yox idi və o, sağlam idi.
"Dekabrın 1-də oğlumun ad günü idi, bir gün sonra isə onu dəfn etdik. Bir aydan sonra həyat yoldaşı qız uşağı dünyaya gətirəcək," - deyə o, bildirib.
Ailə üzvlərinin sözlərinə görə, Mikayılın ölüm xəbərini əvvəlcə onunla eyni palatada olan şəxslərdən eşidiblər. Daha sonra bu məlumat ailənin vəkili tərəfindən də təsdiqlənib.
"Əsl həqiqətdə nə baş verdiyini hələ bilmirik," — deyə mərhumun atası əlavə edib.