Tarix: 13.07.2024 / 11:29
Azərbaycanlıların Türkiyədə  milli istiqlal mübarizəsində iştirakı

Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı

XX əsrin ilk yarısında Türkiyədə yaşayan azərbaycanlıların ön plana çıxan təmsilçilərinin böyük bir qisminin Türkiyənin ictimai-siyasi həyatında rolu və təsiri barədə məlumatlar xeyli məhduddur və faktiki olaraq geniş araşdırma predmeti olmayıb. Əksər tədqiqatçılar Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Əhməd Cəfəroğlu kimi şəxslərin Türkiyə siyasi həyatına təsirindən bəhs etməyə daha çox üstünlük veriblər.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə 2013-cü ildə Ankarada Giresun Universitetinin rektoru, prof. dr. Aygün Attar və Balıkəsir Universitetinin müəllimi, dos. dr. Səbahəddin Şimşirin müəllifliyi ilə çap olunmuş "Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri" adlı kitabın ilk fəslində Azərbaycan türklərinin Anadolu coğrafiyasına köç etdiyi ilk dövrlərdən 1920-ci ilə qədər olan dövr təsvir edilir. Prof. dr. Aygün Attar yazdığı bu fəsildə azərbaycanlıların Anadoluya köçü və Anadolunun türkləşdirilməsində Azərbaycan coğrafiyasının bir körpü olaraq oynadığı roldan bəhs olunur, Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra azərbaycanlıların Anadoluya köçündən danışılır.

Dos. dr. Səbahəddin Şimşirin yazdığı “Türkiyədə fəaliyyət göstərən azərbaycanlılar (1920-1991)” adlı ikinci fəsildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə köç edən 50-yə yaxın azərbaycanlının daha çox siyasi mühacir kimi həyat və fəaliyyətindən bəhs edilir. Türkiyədəki Azərbaycan mühacirətinin tanınmş araşdırmaçısı və artıq prof. dk. olan Səbahəddin Şimşir belə bir etiraf edir: “Azərbaycan mühacirətinin Türkiyədəki öz mətbuat orqanlarında belə dəqiq bir şəkildə yer almayan bu şəxslərin həyatı haqqında Türkiyə qaynaqlarında, xüsusilə də qəzet və jurnallarda məlumat tapmaq bir xeyli məhduddur. Yenə də həmin dövrdə Türkiyənin millətçi çevrələri tərəfindən yayımlanan jurnallarda zaman-zaman bu şəxslərin yazılarına rast gəlməklə yanaşı, Türkiyə kitabxanalarında bu nəşrlərin də tam və müntəzəm tapılmaması da bu sahədə görüləcək çalışmalar üçün ciddi bir çətinlikdir” (Prof. dr. Aygün Attar ve dos. dr. Sabahattin Şimşir. “Tarihten günümüze Türkiye’de yaşayan Azerbaycan türkleri” -“Türkiye’de Faaliyette Bulunan Azerbaycanlılar (1920-1991)”, səh. 263).

Digər tərəfdən “Azərbaycanın istiqlal mübarizəsi” kitabının müəllifi olan prof. dk. Səbahəddin Şimşiri tədqiqat predmeti kimi Türkiyədə yaşayan azərbaycanlıların mühacir fəaliyyətləri daha çox maraqlandırmışdır.

XX əsrin əvvəllərində Osmanlıya köç edənlərdən fərqli olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan sonra Türkiyəyə mühacirət edən azərbaycanlıların birinci və ikinci nəslinin Türkiyənin siyasi həyatına tam adaptasiya olmaması və ya assimiliyasiyanın uzanmasına bir sıra faktorlar təsir etmişdir:

1. Qısa bir dövr üçün olsa da, müstəqil Azərbaycanın qurucuları və şahidləri olması, milli siyasi kimlik hafizəsini qorumaları və Azərbaycan davasını davam etdirmək niyyət və əzmi.

2. Milliyyətçiliyin ötən əsrin 20-ci illərində Türkiyə Cümhuriyyəti hökumətinin dövlət siyasəti olması, siyasi-ideoloji və geosiyasi baxımdan Azərbaycan siyasi mühacirətinin varlığında maraqlı olması, onların təşkilatlanması (Azərbaycan Milli Mərkəzi) və təbliğatları, jurnalist fəaliyyətləri üçün şərait yaratması.

3. 30-cu illərə doğru türk millətçiliyi kontekstində daxili siyasi faktor kimi azərbaycanlı kimliyi ilə mühacirlərin Türkiyənin siyasi həyatında görünməsinin tək partiya dövründə yürüdülən siyasətə zidd olmasından qaynaqlanan narahatlıq.

4. Geosiyasi konyunktura. Türkiyə ilə SSRİ-nin ziqzaqlı münasibətləri fonunda mühacirlərin Türkiyə sərhədləri xaricinə çıxarılması.

5. Zaman faktoru. Adətən mühacir siyasi fəalların yerli siyasi fiqurlara çevrilməsi ikinci-üçüncü nəsillərdən başlayır. Azərbaycan mühacirlərinin 30-cu illərdə Türkiyədən çıxarılması bu prosesi bir qədər də uzatdı.

Türk tarixçiliyində Azərbaycandan Türkiyəyə siyasi köç iki dövrə ayrılır. "Birinci Azərbaycan siyasi mühacirəti XIX əsrin sonu və XX əsrin əvvəllərində gerçəkləşib. Bu mühacirət nəticəsində Türkiyənin siyasi həyatında təsiri olan iki şəxs: Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu ön planda durur.

İkinci dövr Azərbaycan siyasi mühacirəti isə sovet işğalından sonrakı dövrü əhatə edir. Bu dövr təxminən 1920-1930-cu illərə aiddir. Azərbaycan Türkiyəyə hər iki siyasi köç Türkiyənin hər mənada dəyişiklik keçirdiyi illərə təsadüf etmişdir. Bu dövrdə Türkiyə iki köklü dönüş - ihtilal (II Məşruiyyət və Cümhuriyyət), böyük çöküşlərə səbəb olan iki müharibə (I Dünya müharibəsi və milli istiqlal mübarizəsi), cəmiyyət həyatına dərindən təsir edən iki sülh anlaşması (Sevr və Lozanna) və iki böyük siyasi dəyişmə (osmançılıqdan türkçülüyə keçidi təmsil edən “İttihad və Tərəqqi” dövrü və milli istiqlal və dünyəvi milli dövlət modeli olan Cümhuriyyət dövrü) keçirmiş, Türkiyə dünyanın ən böyük əraziyə malik imperiyalarından birindən milli dövlətə çevrilmişdir...

İstər düşüncə, siyasi, sosial-mədəni, istərsə də hərbi və insani baxımdan minlərlə azərbaycanlı Türkiyənin yaşadığı bu prosesin içində, bəzən də tam mərkəzində yer almışdır” ("Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri" - Prof. dr. Aygün ATTAR. “1830-1930 Yılları Arasında Çeşitli Nedenlerden Türkiye’ye Göç Etmiş Azerbaycan Türkleri”, səh.141).

Azərbaycanlı mühacirlərin fəaliyyətinə başlıca dəstəyi əsası 1912-ci ildə qoyulmuş “Türk Ocaqları” göstərirdi. SSRİ-ni qıcıqlandırmaqdan çəkinən Ankaranın 30-cu illərdəki “türklük” anlayışının “siyasi sərhədlər hüduduna çıxması”na qarşı yeni siyasəti “Türk Ocaqları”nın 1931-ci ildə fəaliyyətini dayandırması ilə nəticələndi. 1931-ci ildə Türkiyə xarici işlər naziri Tövfiq Rüşdinin və SSRİ-nin xarici işlər üzrə xalq komissarı Maksim Litvinovun Moskva və Ankaraya müvafiq səfərlərindən sonra azərbaycanlı mühacirlərin Türkiyədə Sovet İttifaqı əleyhinə təbliğatı dayandırıldı, faktiki olaraqsa azərbaycanlı mühacirlərin Türkiyədəki siyasi fəaliyyətinə son qoyuldu.

(ardı var)

Q.Bayramov

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.






Şərhlər

Yaz...