Tarix: 11.01.2025 / 18:04

Azərbaycanlıların Türkiyədə “kreslo” davası: Qısqanclıq var- məşhur müğənni

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Türkiyədə yaşayan azərbaycanlı jurnalist və ifaçı Sevil Çakar olub.

S.Çakar müsahibə zamanı Azərbaycan diasporunun durumu və Türkiyədəki aktiv diaspor fəaliyyətindən bəhs edib.

Onun sözlərinə görə, Türkiyədə kifayət qədər cəmiyyətlər olsa da onların arasında birlik və həmrəylik yoxdur:

“Hər kəs rəhbər olmaq istəyir. “Başqan”, “sədr”, “rəhbər” sözlərini eşitməkdən artıq çox bezmişəm. Nə gərək var ki? Hamımızın bir amalı, bir məqsədi olmalıdır: “Azərbaycanı layiqli təmsil etmək”. Düşünürəm ki, özümüzü kifayət qədər Türkiyə cəmiyyətinə tanıda bilmişik. İstər incəsənət sahəsində istərsə də adət-ənənələrimizlə iz qoymuşuq. Hətta Qarabağı azad etdikdən sonra qardaşlıq bağımız daha da möhkəmlənib. Azərbaycanlılar üçün əlamətdar günlərdə konsret proqramları təşkil edirik. Özəl günlərdə onları bir araya gətirmək mənim üçün qürurvericidir”.

Jurnalist xaricdə yaşayan soydaşlarımızın mediaya çıxış imkanlarından da bəhs edib:

“Əksər diaspor fəalları deyir ki, yaşadığımız ölkələrdə yerli mediaya çıxış imkanlarında məhdudiyyətlər var. Onlara demək istəyirəm ki, buyurun, mən buradayam. Söhbət Türkiyədən gedirsə, diasporlarla əlaqə saxlayıb, problemlərini işıqlandırmağa hazıram. Lakin müraciət edən, maraqlanan diasporlar, azərbaycanlı ekspertlər yoxdur. Şəxsən jurnalist olduğum üçün mənim mediaya çıxış imkanım var, problemlə qarşılaşmıram”.

Şərhlər

Yaz...