Tarix: 20.05.2024 / 12:05
Azərbaycanlıların problemi gürcü dilini bilməmələridir -  Murad Muradov

Azərbaycanlıların problemi gürcü dilini bilməmələridir - Murad Muradov

“Biz Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi olaraq hər zaman Azərbaycan həqiqətlərinin tanıdılması, Azərbaycan xalqının haqq səsinin hər kəs tərəfindən eşidilməsi naminə əlimizdən gələni edirik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov deyib. Onun sözlərinə görə, bu istiqamətdə mütəmadi olaraq gənclərin maarifləndirilməsi, Azərbaycan həqiqətləri barədə məlumat bazalarının artırılmasına xüsusi diqqət yetirilir:

“Bunun üçün mərkəzimizdə tarix dərsi tədris olunmaqdadır. Bundan əlavə Azərbaycan və dünyanın hansı yerində yaşamasından asılı olmayaraq azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edən günlərdə görüşlər, tədbirlər və sair həyata keçirilir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Novruz bayramı, Müstəqillik günü, Zəfər bayramı, Ulu öndər Heydər Əliyevin yubileyi tərəfimizdən mütləq şəkildə qeyd olunur. Həmçinin, Azərbaycana qarşı qərəzli addımlar atıldığına şahid olduğumuz zaman tərəfimizdən anında reaksiya, bəyanatlar verilir. Yeri gəldikdə isə aksiyalar təşkil olunur, Ermənistan və onun havadarlarına sərt cavab verilir”.

M.Muradov qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar burada aborigen xalqdır. Buna görə də bizim fəaliyyətimiz ilə digər xarici dövlətlərdə yaşayan azərbaycanlıların fəaliyyəti fərqlənir:

“Biz Azərbaycanın haqq səsinə səs verməklə yanaşı, Gürcüstanın, onun vətəndaşlarının inkişafı üçün çalışırıq. Bildiyiniz kimi, Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır. Bu insanların əsas problemi gürcü cəmiyyətinə inteqrasiya ilə bağlı qarşılaşdıqları çətinliklərdir. Bunun da başlıca səbəbi gürcü dilini bilməmələridir. Azərbaycanlıların gürcü dilini bilməməsinin də obyektiv səbəbləri var. Təşkilat olaraq bu istiqamətdə əlimizdən gələni etməyə çalışırıq. Belə ki, azərbaycanlı gənclərin gürcü dilini daha yaxşı öyrənmələri üçün mərkəzimizdə gürcü dili dərsləri tədris olunur. Eyni zamanda gənclərin vətəndaş cəmiyyətinə inteqrasiya edə bilmələri üçün mütəmadi olaraq təlimlər, seminarlar, görüşlər və sair təşkil olunur”.

M.Muradov vurğuladı ki, azərbaycanlılardan gürcü dilini bilənlərin sayının az olması onların Gürcüstanda yüksək vəzifələrdə təmsil olunmalarına problemlər yaradır:

“Ancaq qeyd etmək yerinə düşər ki, gənclərin böyük əksəriyyəti artıq bu problemi aşıb. Onlar gürcü dilini bilmələri ilə yanaşı, Gürcüstanın ali tədris ocaqlarında təhsil alır, vətəndaş cəmiyyətinə inteqrasiya edir, müxtəlif sahələrdə azərbaycanlıları təmsil etməyə başlayıblar. Vurğulamaq yerinə düşər ki, gənclərin inkişafında, onların ali təhsil almasında Azərbaycan dövlətinin də müstəsna rolu var. Bildiyiniz kimi, Gürcüstanda milli azlıqlar üçün “1+4” proqramı fəaliyyət göstərir. Bu proqram milli azlıqlara öz doğma dillərində yalnız bir imtahan verməklə universitetlərə qəbul olmaq şansı yaradır. Onlar bir il universitetlərdə gücləndirilmiş gürcü dili kursu keçdikdən və daxili imtahanları uğurla verdikdən sonra birinci kursa qəbul olunurlar. Azərbaycan dövləti isə öz növbəsində SOCAR vasitəsi ilə bu gənclərin təhsil haqlarını öz üzərinə götürüb. Artıq 15 ilə yaxındır Azərbaycan dövləti minlərlə gəncin təhsil almasına kömək edir. Gənclər arasında dövlət dilinin bilmə göstəricisinin artması, onların vətəndaş cəmiyyətinə inteqrasiyası və təhsilə maraqlarının artması gələcəyə ümüdlə baxmağa imkan verir. Ümid edirik ki, Gürcüstanın ictimai-siyasi həyatında azərbaycanlıların sayı yaxın zamanlarda nəzərə çarpacaq dərəcədə çox olacaq”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...