Tarix: 07.10.2024 / 11:44
Azərbaycanlıların Polşada çıxardığı RƏZALƏT    - VIDEO

Azərbaycanlıların Polşada çıxardığı RƏZALƏT - VIDEO

Xarici ölkələrə səfər etmək, xüsusən də müvəqqəti, yaxud daimi yaşamaq üçün köç etmək çox böyük məsuliyyətdir. Çünki xaricdə olarkən mənsub olduğun xalqı, onun mental dəyərlərini, mədəniyyətini təmsil edirsən. Yaxşı, yaxud pis - istənilən davranış, hərəkət vətəndaşı olduğun ölkənin, mənsubiyyətini daşıdığın xalqın adına yazılır.

Təəssüflər olsun ki, heç də hamımız bu məsuliyyəti dərk etmirik. Bu cür dərrakəsiz davranışlar nəhayətdə ölkəyə və xalqa utanc gətirir. Belə utancverici hərəkətin birini də Polşada yaşayan bir qrup azərbaycanlı gəncdən gördük. Sosial şəbəkələrdə yayılan qısa videodan görünür ki, bir qrup gənc şəhərin mərkəzində, gecə vaxtı milli rəqslərimizin sədaları altında qrup şəkilində oynayır, qışqırır, bağırırlar... Videonu analiz edəndə, görürük ki, səsgücləndirici vasitəsilə artırılmış musiqinin səsi qulaq batırır, ətrafa narahatçılıq yaradır, üstəgəl də gənclərin səs-küyü adamı hövsələdən çıxarır.


Gecə vaxtı məhəllənin sakitliyini pozaraq, evlərində dincələn sakinlərin istirahət hüququnu saya salmayaraq səs-küy yaratmaqla nə qazanırıq? Əlbəttə, yerli sakinlərin və digər turistlərin nifrətini.

Anlamırıq ki, birincisi, qəbul edilmiş ümummbəşəri etik klişelər var və dəyərə çevrilmiş bu standartlar dünyanın hər yerində keçərlidir, bütün insanlar bu yazılmamış qaydalara riayət etməyə borcludurlar. Mədəni insanlar da özlərinə borc bilərək və hörmət edərək sözügedən etik standartlara əməl edirlər. İkincisi, hər bir ölkənin yerli qanunları və qaydaları, yerli xalqın mentalitetindən doğan xüsusiyyətləri var ki, həmin ölkədə yaşayan əcnəbilər də bu qaydalara hörmət etməli və boyun əyməyə borcludurlar. Bizimkilər isə gecənin bir aləmində musiqiyə sona qədər səs verərək, qışqır-bağırla rəqs edərək camaatın hüzurunu pozurlar.

Ola bilsin ki, həmin qrup nəyinsə sevincini qeyd edir. Lakin bunun üçün nəzərdə tutulmuş məkanlar var. İndi yerli sakinlər bu qrupdan şikayət etsə, yaxud xalqımızı qınamaq üçün marağa durmuş düşmən çevrələr sözügedən kadrlardan istifadə edərək əleyhimizə növbəti kampaniyaya başlasalar, necə olacaq? Artıq başlayıblar da… Polşanın bir neçə Teleqram kanalı bu videonu yayaraq sosial platformalarda azərbaycanlılara nifrət toxumu səpir. Bu məsuliyyətsiz davranışın cavabını kim verəcək?

Həmin gənclərin kimliyi, hansı peşənin sahibləri olduğu bizə bəlli deyil, lakin kimliyindən asılı olmayaraq, hər bir kəs, insan qrupu istənilən addımı atmazdan öncə nəticəni düşünməlidir - özünü düşünmürsə, mənsub olduğu xalqı və ölkəni fikirləşməlidir.

Siz bu ucuz və düşük hərəkətlərinizlə Polşada kifayət qədər fəal olan diasporumuzu nüfuzdan salırsınız!

Siz bu yerə-göyə sığmayan təkəbbürünüzlə Polşada oxuyan və işləyən, sizlərdən fərqli olaraq sakit həyat yaşayan soydaşlarınızı zərbə altına qoyursunuz!

Və nəhayət, Siz bu davranışınızla Azərbaycan adını rüsvay edirsiniz!

Diaspora.TV







Şərhlər

Yaz...