Tarix: 07.09.2024 / 19:00

Azərbaycanlıların cəsarəti ukraynalılardan az deyil

Diaspora.TV-də yayımlanan “Azərbaycanın dostları” verilişinin növbəti qonağı Ukrayna Ali Radasının deputatı, Ukrayna - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri Vladimir Kreydenko olub.

Vladimir Viktoroviç Ukraynadan beynəlxalq müşahidəçilərdən ibarət nümayəndə heyətinin tərkibində növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanda olub:

“Olduğumuz 10 məntəqənin hamısında hər şeyin mövcud qanunvericilik, beynəlxalq standartlar və bütün demokratik dəyərlər çərçivəsində baş verdiyini müşahidə etdik. İctimaiyyətə səs vermək imkanı yaradılmışdı, namizədlər haqqında məlumat əldə etmək imkanı var idi”.

Vladimir Kreydenko Azərbaycana dördüncü səfərinin olduğunu bildirib. O, ilk dəfə Azərbaycana 15 il əvvəl Qubada keçirilən gənclər siyasəti ilə bağlı beynəlxalq forumda iştirak etmək üçün səfər etdiyini bildirib.

Vladimir Viktoroviç rəhbərlik etdiyi qrupla Ukraynadakı Azərbaycan diasporu arasında fəal əməkdaşlığın olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan diasporu iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində və inkişafında çox böyük rol oynayır. O, bir çox etnik azərbaycanlıların ukraynalılarla birlikdə cəbhədə qəhrəmancasına döyüşərək Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiklərini vurğulayıb.

Qonağımız bildirib ki, Ukrayna xalqı Azərbaycana göstərilən dəstəyə və humanitar yardıma görə minnətdardır:

“İqtisadi, sosial, infrastruktur və digər sahələrdə ikitərəfli əməkdaşlığın yalnız intensivləşməsini istərdim. Prezidentlərimiz Vladimir Zelenski və İlham Əliyev strateji tərəfdaşlığa dair sənədlər imzalayıblar”.

O, Azərbaycan və Ukrayna arasında dostluğa mane olmağa çalışan üçüncü qüvvələrin mövcudluğunu da diqqətə çatdırıb.

Vladimir Viktoroviç vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ukraynalılar üçün nümunədir və onlar bunu Rusiyanın müvəqqəti işğalı altında olan Ukrayna ərazilərinin gələcəkdə azad edilməsi üçün əsas götürürlər. Vladimir Kreydenko əlavə edib ki, onlar gələcəkdə Azərbaycanın minalardan təmizləmə və infrastrukturun bərpası sahəsində uğurlu təcrübəsindən də yararlanacaqlar.


Şərhlər

Yaz...