Tarix: 02.10.2024 / 12:18
Azərbaycanlılara qürbətdə isti yuva olmağa nail olmuşuq    - Mehriban Aliyeva

Azərbaycanlılara qürbətdə isti yuva olmağa nail olmuşuq - Mehriban Aliyeva

“Həm iş qadını, həm də iki uşaq anası olmağıma baxmayaraq vətənimi tanıtmaq üçün də əlimdən gələni əsirgəmirəm. Hətta cəmiyyətimiz Danimarkada aktiv fəaliyyət göstərən, Azərbaycanın tanıdılması üçün çalışan fəal cəmiyyətlərdən biridir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Danimarka Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Aliyeva deyib.

M.Aliyevanın sözlərinə görə, hazırda özəl sektorların birində maliyyə nəzarətçisi kimi çalışır:

“Cəmiyyət 2007-ci ildə atam Səfər bəy Sadiqi tərəfindən təsis edilib və ömrünün sonuna qədər onun idarəçiliyi altında aktiv fəaliyyət göstərib. Səfər Sadiqi 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Atamın qəfil vəfatından sonra Vətən Cəmiyyətinin sədri vəzifəsini mən davam etdirirəm”.

M.Aliyeva qeyd edib ki, Danimarka Azərbaycan “Vətən” cəmiyyəti 17 il fəaliyyəti müddətində Azərbaycan həqiqətlərini Avropa, eləcə də dünyanın diqqətinə çatdırmaqla yanaşı, Danimarkada yaşayan azərbaycanlılara da doğma ocaq, qürbətdə isti yuva olmağa nail olub:

“Azərbaycanın bütün əlamətdar günləri daima “Vətən” cəmiyyətinin diqqət mərkəzində olub və tərəfimizdən yüksək səviyyədə qeyd olunub. “Vətən” cəmiyyəti üzvləri 44 günlük Vətən Müharibəsi dövründə də aktivliyini qoruyaraq informasiya savaşında yaxından iştirak edib, haqq səsimizi dünyaya çatdırmaq uğrunda əllərindən gələni əsirgəməyiblər”.

Xəyalə Zöhrab
Diaspora.TV






Şərhlər

Yaz...