Tarix: 27.07.2024 / 22:24
 Azərbaycanlılar ev alıb Dubayda   yaşaya bilərmi?

Azərbaycanlılar ev alıb Dubayda yaşaya bilərmi?

Dubay kimi böyük və inkişaf etmiş şəhərlərdə investisiya etmək üçün müxtəlif yatırım üsulları olur. Bu üsullardan biri də daşınmaz əmlaka olan yatırımdır. Daşınmaz əmlaka olunan investisiya bütün dünyada az riskli kimi qəbul edildiyindən investorlar da bu yatırım formasından geniş şəkildə faydalanmağa çalışırlar. Bəs Dubayda ev almaq necə yatırımdır?

Diaspora.TV xəbər verir ki, valyuta.az mövzunu Dubayda əmlak mütəxəssisi olaraq çalışan Səbinə Nəsibova ilə müzakirə edib.

O, bildirdi ki, Dubayda ev almaq sabit və uzunmüddətli gəlir gətirən yatırımdır. Bu şəhər beynəlxalq investorlar üçün çox cəzbedicidir. Çünki Dubayda daşınmaz əmlak bazarı sürətlə inkişaf edir, yüksək gəlir gətirir və eyni zamanda da dünyanın ən güvənli şəhəridir.

- Səbinə xanım, Dubayda ev alsaq, bu bizə necə gəlir gətirir?

- Bu ev bizə iki formada gəlir gətirir. Qısa müddətli, həftəlik, aylıq kirayə verərək gəlir əldə etmək olur. Eyni zamanda uzunmüddətli kirayə verərək gəlir qazanmaq olur. Bir illik kirayə verən zaman bir ilin gəlirini ilk müqavilə imzalanan zaman alırsınız. İkinci yol odur ki, evi alıb bir müddətdən sonra sataraq bazar qiymətinin artmasından gəlir əldə etmək olur.

- Azərbaycan vətəndaşları üçün Dubayda ev alıb, kirayəyə vermək nə dərəcədə realdır?

- Bakıda yaşayan bir şəxs çox rahatlıqla Dubaydakı evini kirayə verə bilər. Öz pulunu da rahatlıqla istər Azərbaycandakı, istərsə də Dubaydakı hesabına ala bilər. Burada bir çox idarəetmə şirkətləri var. Evinizi onlara həvalə edirsiniz və onlar sizin yerinizə idarə edir. Yeni layihələrin çoxunda ağıllı ev sistemi var. Siz Bakıda ola-ola öz telefonunuzdan idarə və nəzarət edə bilirsiniz. Bunun sayəsində evə kimin girib çıxdığını, neçə gün qaldığını görürsünüz.

- 3 otaqlı ev kirayə olsa, nə qədər gəlir gətirir?

- Ötən il Dubay dünyanın ən yüksək kirayə gəliri gətirən şəhəri seçildi. Bununla bağlı statistik məlumatlar da var. Bəzi Avropa şəhərlərində, ABŞ-də kirayə 3-4 faiz gəlir gətirdiyi halda, Dubayda bu rəqəm 8-10 faizdir. Üç otaqlı evin kirayəsi aylıq təxminən 4-5 min dollar gəlir gətirir. Ancaq Dubayda bir otaqlı ev alıb kirayə vermək daha sərfəlidir. Bir otaq mənzil dedikdə studio tipli otaq, yəni zal ilə mətbəx birləşik olan otaq və yatağ otağı nəzərdə tutulur. Qiyməti 220 min dollardan başlayır. Təbii ki, kirayə gəliri ərazisindən asılı olaraq dəyişir. Ortalama olaraq evin qiymətinin 8-13 faiz hissəsi qədər illik gəlir əldə etmək olur. Yəni 300 min dollarlıq evdirsə, 24-39 min dollar illik gəlir əldə etmək olur. Buna görə də, yatırım məqsədi ilə daha çox bir otaq və studio tipli mənzillərə üstünlük verilir.

- Qeyd etdiniz ki, qazanacağımız gəlir formasından biri də satmaqdır. Aldığımız ev bir ildə nə qədər bahalaşır?

- Ortalama olaraq bir evin qiyməti illik 10 faiz bahalaşır. Bəzi layihələrdə qiymət ikiqat da bahalaşa bilir.

- Bəs bu qədər gəlir əldə etmək üçün bizim nə qədər pula ehtiyacımız var? Dubayda evlərin qiyməti necə dəyişir?

- Bu, ərazisindən asılı olaraq dəyişir. Qiymətlər ortalama olaraq bir kvadratmetr üçün 3-15 min dollar arasında dəyişir.

- Səbinə xanım, Dubayda köhnə, yoxsa yeni tikililərdən daşınmaz əmlak almaq sərfəlidir?

- Yeni tikililərdən ev almaq daha sərfəlidir. Çünki köhnə tikililərdə evlər artıq köhnəlir, çox da qiymət fərqi olmur və köhnə tikililəri hissəli ödənişlə almaq mümkün deyil. Yeni tikililərdə isə evin ilk sahibi siz olursunuz. Ev daha yeni texnologiya ilə hazırlanır. Hamısında ağıllı ev sistemləri var və binanın içində əyləncə mərkəzləri, idman zalları, saunalar, kitabxanalar, açıq hava sineması və s. kimi yerlər yerləşir. Bu da binanın kirayə verilməsi prosesini asanlaşdırır. Ən əsası isə bu evləri tikinti şirkətlərindən birbaşa olaraq faizsiz, hissəli ödənişlə ala bilirsiniz.

- Hissəli ödəniş məsələsini dediniz. Azərbaycandan olan bir şəxsin Dubayda ev alan zaman hissəli ödəniş imkanı varmı?

- Bəli, Dubayda tikinti şirkətindən əmlak alarkən tikinti şirkəti faizsiz hissəli ödəniş imkanları təqdim edir. İki cür hissəli ödəniş şərti var. Tikinti şirkəti layihəni iki il sonra təhvil verəcəksə, ödənişin 70 faizi 2 il ərzində ödənilir (ilk il 20 faiz, 50 faiz də bir neçə aydan bir). Və açarı aldığınız zaman qalan 30 faizi ödəyirsiniz. İkinci ödəmə planında isə bunu bəzi tikinti şirkətləri təklif edir. Burada ilk hissə olduğu kimidir. Yəni, təhvil alana qədər iki il ərzində yavaş-yavaş 70 faiz ödəyirsiniz. Qalan 30 faizi açarları təhvil aldıqdan sonra 30 ay aylıq 1 faiz ödəyə bilirsiniz.

- Ev alan zaman müxtəlif üsullar olur. Onlardan biri də yarımçıq tikililərdən aldığımız evlərdir. Bəs tikintidə olan evi aldığımız zaman, tikinti yarıda qalarsa, nə olacaq?

- Dubayda sizin yatırdığınız pul birbaşa olaraq tikinti şirkətinin hesabına köçmür. Bu pul tikinti şirkətinin o layihəsi ilə dövlət arasında olan “escrow account”a gedir. Yəni, gələcəkdə tikinti şirkəti hər hansı bir səbəblə bu layihəni təhvil verə bilməsə, pul tikinti şirkətində deyil, dövlətdə qalır. Dövlət bu layihənin tamamlanmasını başqa bir tikinti şirkətinə həvalə edir. Birləşmiş Ərəb Əmirlikləri Dubaya daha çox milyonerlərin, milyarderlərin axın etməsi, yatırım etməsi üçün bütün faktorları əvvəlcədən nəzərə alır. Bunun üçün tikinti layihələrinə çox ciddi nəzarət olunur. Layihələrin yarım qalması çox nadir hallarda baş verə bilər.

- Dubayda ev kirayə verən zaman bu kirayədən gələn gəlirdən nə qədər vergi ödənilir?

- Dubayda istər kirayə gəlirinizdən, istərsə də evi satdığınız zaman əldə etdiyiniz gəlirdən heç bir vergi ödənilmir.

- Sənədləşmə prosesi necədir?

- Dubayda əmlak almaq prosesi çox sadə və şəffafdır. Nümunə olaraq tikinti şirkətlərindən aldığımız layihələri gətirmək istəyirəm. Bunun üçün sadəcə olaraq şəxsiyyət vəsiqənizin şəkli, elektron poçt ünvanınız və Bakıdakı ünvanınız lazımdır. İlk olaraq, Expression of Interest (EOI) yəni, maraqın göstərilməsi olur. Bu, 5-10 min dollar arası minimal ödənişlə olur. Yəni, siz 5-10 min dollar ödəniş edərək hər hansı bir layihəyə öz marağınızı göstərirsiniz. Bu məbləğ qaytarıla bilən olur və onu ödəməyin məqsədi odur ki, Dubayda yaxşı layihələr 2 saatın və ya 3-4 günün içərisində tamamilə satıla bilir. Hələ satış başlamadan, siyahı çıxmadan, layihənin nəyə bənzəyəcəyini bilmədən belə insanlar öz maraqlarını göstərərək rezervasiya edirlər. Buna görə də, siz əgər bu layihədə maraqlanırsınızsa, rezervasiya etməlisiniz ki, satış başlayanda sizə öncəlik verilsin və oradan istədiyiniz mənzili seçmək imkanınız olsun. Daha sonra 10-20 faiz ödəniş edərək o mənzili almış olursunuz, qalan məbləğ aylara bölünür. Hər tikinti şirkəti özü müxtəlif şərtlərlə hissəli ödəniş imkanı yaradır. Bununla da sizin müqaviləniz hazır olur, Bakıya göndərilir və bu evə tamamilə sahib olmuş olursunuz.

- Azərbaycan vətəndaşı Dubayda ev aldıqdan sonra viza alıb, orada yaşaya bilərmi?

- Bəli, Dubayda 210 min dollar məbləğdən yuxarı ev aldığınız zaman iki illik, 550 min dollardan yuxarı məbləğdə ev alan zaman 10 illik “Golden visa” əldə edirsiniz. Bu viza sizin Dubayda tam yaşamağınız, fəaliyyət göstərmənizə, bank hesabı açmanıza və s. kimi imkanlar verir. Digər tərəfdən isə, Dubay dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Çox rahatlıqla azərbaycanlılar burada yaşaya bilirlər.

- Azərbaycan vətəndaşlarının Dubayda ev alarkən aldanma ehtimalı varmı?

- Əgər etibarlı əmlak agentlikləri və tanınmış tikinti şirkətləri ilə işləyirsinizsə, aldanma ehtimalı çox azdır. Aldanmamaq üçün rəsmi qeydiyyatdan keçmiş əmlak agentlikləri ilə işləmək, layihələr haqqında tam ətraflı məlumat toplamaq, müqavilələri diqqətlə oxumaq lazımdır.

- Yaxın illərdə Dubayda əmlak qiymətləri necə dəyişəcək?

- Birləşmiş Ərəb Əmirlikləri ölkəyə yeni turistlərin və yatırımçıların gəlməsi üçün böyük planlar qurub. Bunun içərisinə çimərlik sahələrinin genişləndirilməsi, Dubayın ərazisinin genişləndirilməsi, Dubayın əhalisinin iki qat artması, turistik ərazilərin çoxalması, yatırımların gəlir gətirici olması üçün bütün bazara nəzarət edirlər ki, yatırımçılar daha həvəslə buraya gəlsinlər və daha güvənli hiss etsinlər. Buna görə də, hələ əmlakın qiymət artmağa davam edəcək.

Şərhlər

Yaz...