Tarix: 12.08.2024 / 13:30
Azərbaycanlılar arasında ikitirəlik bəzən məqsədli şəkildə dərinləşdirilir  - Azər Həsrət

Azərbaycanlılar arasında ikitirəlik bəzən məqsədli şəkildə dərinləşdirilir - Azər Həsrət

“Azərbaycan diaspor icmalarının pərakəndəliyi bir qədər də milli xarakterimizdən irəli gələn məsələlərdəndir. Biz özümüzü daha güclü hesab edirik. Ona görə də aramızda liderlik uğrunda mübarizə gedir”.

Bu sözləri Diaspora.TV-yə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib. Onun fikrincə, xarici ölkələrdə azərbaycanlılar arasında ikitirəlik bəzən məqsədli şəkildə dərinləşdirilir:

“Əlbəttə bədxahlarımız da bu prosesdə boş durmurlar. Onlar çalışır ki, ikitirəliyi daha da dərinləşdirsinlər. Dövlət qurumlarımız, müvafiq olaraq Diasporla İş üzrə Dövlət Komitəsi də bu işlərin düzgün idarə olunmasını təmin edə bilmir”.

A.Həsrət təəssüf hissi ilə qeyd edib ki, uzun illərdir Azərbaycan diasporunun pərakəndəliyi, qarşıdurması haqqında məlumatlar sağda-solda gen-bol yayımlanır:

“Belə olan şəraitdə Diaspor Komitəsi diaspor icmalarını bir-birindən ayıran səbəbləri təhlil etməli, onların aradan qaldırılması üçün təkliflər verməli idi. Bundan sonra isə hərəkətə keçməli idi”.

A.Həsrət hesab edir ki, eyni zamanda bu məsələdə Azərbaycan səfirlikləri də öz sözünü deməlidir:

“Amma biz gördüyümüz kimi, əksər ölkələrdə səfirliklər diaspor fəalları ilə məsafəli davranır. Ondan başqa Diaspor Komitəsi çalışır ki, müxtəlif ölkələrdə özü diaspor rəhbərlərini təyin esin. Bu da ümumi işə mənfi təsir edir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...