Tarix: 07.06.2024 / 13:45
Azərbaycanlılar arasında birliyin vahid   siyasi konsepsiyası yoxdur

Azərbaycanlılar arasında birliyin vahid siyasi konsepsiyası yoxdur

“Tarixin müxtəlif dövrlərində siyasi-sosial amillərlə İrandan və Azərbaycandan xaricə məcburi köçlər olub. Bu, davamlı bir prosesdir. Dünyanın bütün xalqlarının həyatında belə hallar baş verib”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Nəsimi Məmmədli bildirib. Onun sözlərinə görə, son illər hər iki ölkədən belə köçlərin sayı daha da artıb:

“Burada bir sıra obyektiv amillərlə yanaşı subyektiv amillərin də rolu var. Son illər Azərbaycandan köçənlərin sosial xarakteristikasına baxsaq daha savadlı, müsair texnoloji biliklərə yiyələnmiş, işgüzar, müasir dünyagörüşlü insanlar ölkədən gedir. Onların heç 10 faizi xaricdə aktiv ictimai-siyasi fəaliyyətə və diaspora təşkilatlarına qoşulmur. Əksəriyyət öz həyatını yaşayır, biznesini qurur, tədricən yaşadığı ölkənin mədəniyyətinə qarışır”.

N.Məmmədli əlavə edib ki, ölkəmizdə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanun olsa da bu Qanun real münasibətləri tənzimləmir. Politoloq hesab edir ki, ilk növbədə dünyadakı çoxsaylı diaspora təşkilatlarımız arasında effektli əlaqələrin qurulması və onlara dövlət tərəfindən dəstək verilməsi şəffaf prinsiplər əsasında məqsədyönlü strategiya ilə tənzimlənməlidir:

“İrandan köçən soydaşlarımız əsasən türkiyəlilərlə aktiv təmasdadırlar. Azərbaycandan köçənlərin müəyyən bir hissəsi də Türkiyə diaspor təşkilatlarına qoşulur. Təəssüf ki, azərbaycanlılar arasında birliyin vahid siyasi konsepsiyası yoxdur. Bəzi qurumların sözdə, fikirdə, şüarlarında müəyyən tezislər olsa da real strategiya görünmür. Ayrı-ayrı siyasi firqələrin öz maraqlarının üzərinə asanlıqla çıxacağını gözləmirəm. Azərbaycan dövləti bu məsələni dövlət proqramı, strategiyası şəkilində həll edə bilər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...