Tarix: 09.06.2024 / 09:40
Azərbaycanlı və erməni milyarderləri arasındakı  BÖYÜK FƏRQ

Azərbaycanlı və erməni milyarderləri arasındakı BÖYÜK FƏRQ

Ermənilərin "Galvanizing Diaspora" adlı proqramı diaspor fəalları üçün hər biri 10 min ABŞ dolları olmaqla 10 qrant təklif edir.

Diaspora.TV erməni mediasına istinadən xəbər verir ki, proqram Noubar Afeyan və Ruben Vardanyan tərəfindən yaradılan "Ermənistan 2041" Fondu tərəfindən həyata keçirilir.

Fond missiyasının "Ermənistanı və qlobal erməni xalqını gücləndirmək" olduğunu iddia etsə də əsas məqsədin Ermənistana yardımdan başqa, xəstə erməni təfəkkürünün təbliği və erməni fəallarını bu mif ətrafında təşkilatlandırmaq olduğu sirr deyil. Onlar indiyədək 700-dən çox bu tipli layihəni maliyyələşdiriblər. Sözügedən proqram vasitəsilə illər ərzində icmalarda fəallıq göstərənlərə yardımlar edilib.

Fondun təsisçiləri erməni gəclərinə açıq mesaj verirlər:

"...bir millət olaraq bizi gücləndirmək üçün görülən hər bir fəaliyyət bəyəniləcək, qiymətləndiriləcək və alqışlanacaq. Bizim səylərimiz yalnız ərizələrin qəbulu və qrantların paylanması ilə məhdudlaşmır. Daha doğrusu, biz elə bir şəbəkə formalaşdırırıq ki, ermənilər bir-birinin çiçəklənməsinə kömək etsinlər".

Proqramın direktoru Hasmik Ayrapetyan isə məsələyə belə münasibət bildirib:

"Bu proqram bütün dünyada erməni icmalarını canlandırmaq və onların erməni işlərinə sadiqliyini gücləndirmək məqsədi daşıyır. Dəstəklədiyimiz mövzular mədəniyyətin təbliğindən tutmuş gənclər üçün sahibkarlığa qədər müxtəlif mövzuları əhatə edir. Biz fədakar ermənilərin parlaq ideyalar irəli sürdüyünü görməkdən məmnunuq".

Qeyd edək ki, hazırda komandaya 150-dən çox təklif daxil olub. İndoneziya, Sinqapur, Ukrayna, Belçika, Fransa, İsveçrə, İraq, Argentina, Braziliya, ABŞ və Kanadadan olan ermənilər psixi sağlamlığın yaxşılaşdırılması, podkastların hazırlanması, beynəlxalq konfransların təşkili, erməni parklarının salınması, erməni muzeylərinin zənginləşdirilməsi, hətta itirilmiş erməni reseptləri kimi təşəbbüslərə maliyyə ayrılması üçün müraciət edirlər.




Bəs bizim iş adamları Vətənə yardım, xaricdəki gəncliyi ümummilli mənafelər ətrafında həvəsləndirmək üçün hansısa addım atırlarmı? Xaricdə Vahid Ələkbərov, Fərhad Əhmədov, İskəndər Xəlilov kimi milyarderlərimiz, onlarla milyonçu soydaşlarımız var. Əlbəttə, onlar hər bir azərbaycanlının fəxr yeridir və ölkəmiz üçün müəyyən işləri gördükləri də məlumdur. Lakin daha böyük miqyaslı və daha çox azərbaycanlının cəlb edildiyi proqramların reallaşdırılmasına ciddi ehtiyac var.

Bizim milyonçu və milyarder soydaşlarımız yuxarıda adlarını çəkdiyimiz erməni biznesmenləri kimi milli mənafelər naminə ardıcıl və irimiqyaslı iş görürlərmi? Bizdə olan məlumatlara görə, xeyr! Onlar da birləşərək belə bir fond yaradıb gəncləri müxtəlif milli layihələrə həvəsləndirə bilməzlərmi?

P.S. Diaspora.TV olaraq belə bir təşəbbüsə hərtərəfli informasiya dəstəyi verəcəyimizi bəyan edirik.

Vahid Əli
Diaspora.TV

Şərhlər

Yaz...