Romadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK), Yunus Əmrə İnstitutu, Azərbaycanın Romadakı səfirliyi və İstanbul Rəqəmsal İncəsənət Festivalının (İDAF) iştirakı ilə İtaliyanın paytaxtı Romada Beynəlxalq Rəqəmsal Media Savadlılığı və Rəqəmsal İncəsənət seminarı keçirilib.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, tədbirdə İDAF tərəfindən rəqəmsal sərgi də təşkil edilib. İDAF tərəfindən hazırlanan 20-yə yaxın rəqəmsal əsərin sənətsevərlərə təqdim edildiyi tədbirin açılışında iştirak edən Türkiyənin Radio və Televiziya Ali Şurasının sədri Əbubəkir Şahin təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.
Azərbaycanın Romadakı səfiri Rəşad Aslanov açılış nitqi ilə çıxış edib.
Sərginin təşkilatçısı olan IDAF direktoru doktor Nabat Qaraxanova Anadlo Agentliyinə rəqəmsal sənətin gələcəyin sənəti olduğunu bildirib. N.Qaraxanova diqqətə çatdırıb ki, 2025-ci ildə rəhbərlik etdiyi qurumun 5-ci ildönümü qeyd ediləcək.
İstanbul Rəqəmsal İncəsənət Festivalı çərçivəsində bir sıra şəhərlərdə belə sərgilər açdıqlarını söyləyən Nabat Qaraxanova həm türk gənclərinin, həm də özlərinin yetişdirdikləri süni intellekt sənətçilərinin əsərlərini sərgilədiklərini qeyd edib.