Tarix: 19.06.2024 / 12:17
Azərbaycanlı professor çağırış etdi:  Bu diasporada narazılığa səbəb olur

Azərbaycanlı professor çağırış etdi: Bu diasporada narazılığa səbəb olur


“Vətəni gözəl edən onun savadlı vətəndaşlarıdır”. Bu sözlər Avropanın ən qədim və məşhur univerisitetlərindən biri olan Ukraynanın Lviv İvano Franko Milli Universitetinin şüarıdır.

Qədim və zəngin ana dilimiz dövlətimizin rəsmi dili “Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir”. Bu qanunun I maddəsində qeyd olunur ki, “Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur” (https://e-qanun.az/framework/1865). İndiki zamanda Azərbaycan rəsmi dövlət dilimizin kütləvi şəkildə qaydalara uyğun danışılmaması, kobud şəkildə pozulması məni qurbət həyatımdakı fəaliyyətlərimi ana dilimizin, tariximizin, mədəniyyətimizin, dinimizin, coğrafiyamızın, dövlətçiliyimizin düzgün öyrənilməsi, tədrisi və təbliği üçün sərf etdiyim üçün olduqca narahat edir. Bu məsələ ilə əlaqədar “Torpağımız kimi, Ana dilimizi də işğaldan qoruyaq!” (https://525.az/news/163454-torpagimiz-kimi-ana dilimizi-de-isgaldan-qoruyaq-yazi) adlı məqalə təqdirəlayiqdir.

Qeyd etmək lazımdır ki, vətənimizdə ədəbi Azərbaycan dilində hər kəs (xüsusilə müxbirlər, məmurlar, müəllimlər, deputatlar və s.) düzgün və səlist danışmağı və yazmağı bacarmalıdır. Bütün azərbayacanlıların, vətəndaşlarımızın ədəbi Azərbaycan dilində danışmağı bacarması, kimliyimizi qoruyan və birliyimizi təmin edən, dövlətimizi gücləndirən, milli mədəniyyətimizi inkişaf etdirən və düzgün təbliğ edən əsas vasitədir.

Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına (https://president.az/az/articles/view/30563) əsasən təklif edirəm ki, KMV, o cümlədən TV-lərdə bu ciddi məsələ ilə əlaqədar aidiyyatı qurumların və mütəxəssislərin iştirakı ilə dilimizin olduqca xoşa gəlməz bir hal olan və mədəniyyətimizə zərər vurulmasına səbəb olan əcnəbi, o cümlədən kütləvi oruslaşan və gülünc səslənən sözlərdən təmizlənməsi, imla, ifadə üsullarının düzgün öyrənilməsi, tədrisi, istifadə olunması mövzularında Nəsimi adına Dilçilik İnstitutunun köməyi ilə (https://www.dilcilik.az/) verlişlər və müzakirələr təşkil olunar.

Rəsmi olaraq ləhçə və şivələrdə danışmaq cəmiyyətdə, diasporada narazılığa səbəb olur, birliyimizin təmin olunmasına, mədəniyyətimizə, dövlətçiliyimizə zərər vurur. Bütün soydaşlarımıza zəngin ədəbi Azərbaycan dilimizi qanuna, qaydalara əsasən mükəmməl öyrənmələrini və bilmələrini arzu edirəm.Əminəm ki, təkliflərim aidiyatı təhsil və elm qurumları, müxbirlər, məmurlar tərəfindən nəzərə alınacaq, məsələnin həlli ilə əlaqədar müvafiq ciddi tədbirlər görüləcək, həm də ictimai müzakirələr təşkil olunacaq.

Vətəni, dövləti, milləti qüdrətli və gözəl edən, onun savadlı, o cümlədən dilini mükəmməl bilən yüksək təhsilli və mədəni vətəndaşlarıdır!

Qeyd: Müxbirlərin, məmurların rəsmi fəaliyyətlərində, verlişlərdə ifadə etdikləri bir sıra səhv sözlər və onların düzgün, doğru tələffüzü:

argument (səhv) → dəlil (doğru)
başdıyım (səhv) → başlayım (düzgün, doğru)
başlıyıblar (səhv) → başlayıblar (düzgün)
blokadadan çıxarmaq (səhv) → müasirədən çıxarmaq (doğru)
bu fonda (səhv) → belə olan halda (doğru)
dilemma qarşısında (səhv) → seçim qarşısında (doğru)
dövlətin simvolları (səhv) → dövlətin rəmzləri (döğru)
dövlətin, ölkənin resursları (səhv) → dövlətin, ölkənin (iqtisadi, təbii, hərbi, qida) ehtiyatları (oğru)
eliyir (səhv) → eləyir, edir (düzgün)
evlisiz (səhv) → evlisinizmi? (düzgün)
fakt (səhv) → amil (doğru)
faktiki olaraq (səhv) → əməli olaraq (doğru)
gələciyik (səhv) → gələcəyik (düzgün)
gəlmişəm (səhv) → gəldim (düzgün)
görmüyüb (səhv) → görməyib (düzgün)
hadisələrin anonsu → hadisələrin xülasəsi, hadisələr haqqında qısa məlumat (düzgün)
hava proqnozu (səhv) → hava haqqında məlumat (doğru)
xoş gəlmisiniz (səhv) → xoş gəldiniz (düzgün)
xoş gəlmişsiniz (səhv) → xoş gəldiniz (düzgün)
iliyəciyik (səhv) → eləyəcəyik (düzgün)
insident (səhv) → qarşıdurma, mübahisə, münaqişə (düzgün)
inşaat, tikinti işləri aparılır (səhv) → inşaat, tikinti işləri görülür, icra olunur (düzgün)
istiyirik (səhv) → istəyirik (düzgün)
işığfor (səhv) → rəngli işıq (düzgün)
işin prinsipləri (səhv) → işin ilkləri, işin qaydaları, işin əsas qanunları (düzgün)
işin prosesi (səhv) → işin gedişatı (düzgün)
izliyillər (səhv) → izləyirlər (düzgün)
manipulyasiya (səhv) → başaldatmaq, ələsalmaq, qandırmaq (doğru)
məllim (səhv) → mü(u)allim (doğru)
mən gəlmişəm (səhv) → mən gəldim (düzgün)
müharibə aparmaq (səhv) → müharibə etmək (doğru)
oxuyacıyığ (səhv) → oxuyacağıq (düzgün)
patalok (səhv) → tavan (düzgün)
pol (səhv) → döşəmə (düzgün)
situasiya (səhv) → hazırkı, indiki vəziyyət, hal (doğru)
stayanka (səhv) → duracaq (düzgün)
tanıyıllar (səhv) → tanıyırlar (düzgün)
verlişi aparmaq (səhv) → verlişi təşkil etmək (düzgün)
vermiyin (səhv) → verməyin (düzgün) və s.

Qeyd edək ki, Azərbaycan dilində feillərin ifadə qaydaları kütləvi şəkildə pozulur. Bu halın, eyni zamanda başqa dil qaydalarına riayət olunmamasının səbəbi Azərbaycan dilinin tələblərə uygun olaraq öyrənilməməsidir. Bu məsələnin həll olunması üçün bütün məktəblərdə Azərbaycan dilinin dərindən öyrənilməsinə və tədrisinə ciddi fikir verilməsi əsas şərtlərdəndir (https://senet.az/bloq/ukraynada yasayan-turkoloq-cagiris-etdi-ana-dilimizi-qoruyaq-1562).

Fərhad Turanlı,
“Kyivo-Mohılyanska Akademiysı” Milli Universiteti Humanitar elmlər fakültəsi Ümumi və Slav Dilləri kafedrasının
professoru, tarix elmlər doktoru, professor

Şərhlər

Yaz...