Tarix: 25.10.2024 / 09:51
Azərbaycanlı namizəd əhaliyə    müraciət etdi

Azərbaycanlı namizəd əhaliyə müraciət etdi

Müxalif "Birlik: Vahid Milli Hərəkat" koalisiyasının namizədi Ceyhun Məhəmmədli "Mtavari Arxi" telekanalının efirindən Azərbaycan dilində müraciət edib.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, o, müraciətində soydaşlarımızın Parlamentdə səsi olacağını bildirib:

"Əziz həmvətənlər! Cəmi bir neçə gün öncə mən bu televiziyada jurnalist kimi fəaliyyət göstərirdim, 'Mtavari Arxi' mənim ailəm idi. Ancaq bu gündən etibarən "Mtavari Arxi"nin efirindən sizə siyasətçi kimi müraciət edirəm. Əvvəllər hər bir kəndə, şəhərə gəlir, yerli məmurlar tərəfindən hüquqlarınız pozulanda, kamera vasitəsilə bunu gündəmə gətirib hüquqlarınızı müdafiə etməyə çalışırdım. İndi isə siyasətçi kimi sizin səsinizi Gürcüstan parlamentində təmsil etməyə çalışacam. Məqsədim budur ki, varlığınız bu ölkədə daha çox hiss edilsin. Hər kəs bilsin ki, siz də bu vətənin tam hüquqlu vətəndaşlarısınız, siz də bu ölkə üçün canınızı qoymusunuz, onun ayrılmaz mədəniyyəti və tarixisiniz, onun övladlarısınız. Ona görə də, əzizlərim, bilməliyik ki, son 12 il ərzində Mixael Saakaşvilinin partiyası – "Vahid Milli Hərəkat" İvanişvilinin hakimiyyətinə qarşı həmişə əsl mübarizəni davam etdirib. Bu gün də siyasi məhbus olaraq mübarizəsinə davam edir. Ona görə də, 'Vahid Milli Hərəkat' partiyasına səs vermək İvanişvilinin hakimiyyətinin məğlubiyyətinin və sizin gələcəyinizin qarantıdır. Əzizlərim, seçkilərdə fəal olun! 26 oktyabrda hər birimiz öz gələcəyimizi seçək! Çünki bu seçim ölkəmizin, vətənimizin gələcəyidir. Sizlərə güvənirəm, gəlin birlikdə vətənimizin gələcəyini seçək", - deyə Ceyhun Məhəmmədəli bildirib.



Şərhlər

Yaz...