Almaniyanın paytaxtı Berlin şəhərində 22 iyun tarixində “Azərbaycanlı Mühəndislərin I Avropa Forumu” keçiriləcək.
Diaspora.TV xəbər verir ki, forumun keçirilməsi ilə bağlı məlumatı təşkilat komitəsi yayıb. Məlumatda bildirilir ki, bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili olması və COP29 kimi dünyanın ən kütləvi və mötəbər tədbirinin Bakıda keçirilməsi planlaşdırılan forumu məhz bu il keçirməyə həvəsləndirib:
“Belə bir tədbirin keçirilmə və qeydiyyat prosesinin başlanması xəbərini məhz bugün, on minlərlə soydaşımızın xaricdə təhsil almasına nail olmuş ümummilli liderimiz Heydər Əliyevin doğum günündə paylaşmaq istədik”.
Məlumatda o da qeyd edilir ki, artıq minlərlə azərbaycanlı mühəndis xarici ölkələrdə təhsil alıb. Onların bir qismi bu ölkələrdə qalaraq uğurlu karyeraya yiyələnib, hətta elmin inkişafına öz töhfələrini veriblər:
“Forumun əsas məqsədi mühəndis soydaşlarımızı bir araya toplamaq, onlar arasında şəbəkələşməyə nail olmaq və Qarabağın bərpası, COP29 kimi nəhəng layihələrin yüksək səviyyədə həyata keçirilməsi, bu sahədə müzakirələr aparmaqdır”.
Qeyd edək ki, “Azərbaycanlı mühəndislərin I Avropa Forumu” Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçiriləcək.
Diaspora.TV