Tarix: 23.07.2024 / 18:44
Azərbaycanlı mühacirlərin Türkiyə daxili siyasətinə təsiri - ideoloji aspekt   - I YAZI

Azərbaycanlı mühacirlərin Türkiyə daxili siyasətinə təsiri - ideoloji aspekt - I YAZI

Azərbaycanəsilli ziyalılar Türkiyənin ictimai-siyasi həyatının sadəcə iştirakçıları deyildilər, onlar həm Osmanlı, həm də yeni Türkiyənin ictimai-siyasi fikrinə, milli-siyasi konsepsiya və ideologiyasının formalaşmasına, institutlaşmasına nüfuz edə bilən, türk siyasətinə yeniliklər, fərqli mövzular gətirən yeni ideoloji axınlar yaratmağa qadir ideoloqlardır. Təkcə onu demək yetər ki, müasir türk siyasi partiyalarının, demək olar ki, hamısı üçün ilk beşik olmuş, hələ cümhuriyyətdən əvvəlki dövr təsis olunmuş iki mühüm təşkilatın: İttihad və Tərəqqinin, eləcə də, Türk Ocaqlarının qurulmasında azərbaycanlıların böyük töhfəsi olmuşdu.

Cümhuriyyət dövrü isə Sərbəst Firqənin, sonralar isə Sərbəst Firqənin ideoloji zəminində yaranacaq Demokrat Partiyasının qurulmasında azərbaycanəsilli siyasətçilər böyük rol oynamışlar. Sağ mərkəzin hər iki xətti: türkçü və mühafizəkar xətt xeyli dərəcədə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu siyasi məktəblərinin davamıdır da deyə bilərik. Sonuncu şəxs Türkiyədə həm siyasi liberalizmin banilərindən biri hesab edilir, vaxtilə Azərbaycanda barəsində deyilən “Firəng Əhməd” ləqəbi türkçülükdən liberalizmə dreyfi səbəbindən Türkiyədə fərqli bir məna kəsb etməyə başlamışdı. Məhz Ə. Ağaoğlu kamalizmin siyasi ideologiya kimi formalaşması üçün ilk təşəbbüsçülərdən biri olmuş və CHP daxilində liberal kamalizm adı verilən ideoloji axının banisi olmuşdu.

İttihat və Tərəqqi Partiyasının Mərkəzi Komitəsinin üzvü, “türkçülük axını”nın lideri olan Əli bəy Hüseynzadə osmanlı ziyalılarını yalnız türkçülük düşüncəsi ilə yoluxdurmamış, həm də İttihad hökumətinin xarici siyasətində Turanı və ya ümumtürk məsələsini - Türkiyədən xaricdəki türklər, xüsusilə Rusiya əsarətindəki türk xalqları aspektini ön plana çıxarmışdı. Tarixçi alim Nəsib Nəsibli Ə. Hüseynzadənin türk fikri tarixindəki rolunu nəzərdən keçirən məqaləsində onu “türkçülüyün unudulmuş peyğəmbəri” adlandırmışdı (https://web.archive.org/web/20200505132249/https://millidusunce.com/misak/turkculugun-ihmal-edilmis-yalvaci-ali-bey-huseyinzade-turan/)

Turançı Ə.Hüseynzadənin hədəfi türk dünyası (pantürkizm idealları) idi. Allaadin Uca adlı türkiyəli tədqiqatçı qeyd edir ki, ilk məqalələrini “Turan” təxəllüsü ilə yazan Hüseynzadə Türkiyədə türk boylarının birliyinin son məqsədinin “Turan” olması lazım olduğunu bildirən ilk şəxs olmuşdur. “İlk turançı manifest” kimi tanınan “Turan” şeirini 1892-ci ildə tələbə ikən İstanbulda yazıb. (https://dergipark.org.tr/tr/download/article-file/1281336)

Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, bu baxış ilk illərdə sırf Rusiyada hakim olan və xüsusən Balkan savaşları zamanı Osmanlı dövlətinə qarşı cənubi slavyan xalqlarını ayağa qaldırmaq, slavyan separatizmini körükləmək üçün istifadə edilən panslavizmə verilən reaksiya idi. “Türk qardaşlığı”, eləcə də panislamistlərin işlətdiyi “müsəlman qardaşları” ifadəsi belə panslavistlərin sevdiyi “bratya slavyane” (slavyan qardaşları) ifadəsinin qarşılığı idi. Pantürkizm adına təsis edilən ilk təşkilatların hədəf auditoriya olaraq Rusiya imperiyası əsarətindəki türk xalqlarını seçməsi də bu kontekstdə başa düşüləndir. Amma İran, Əfqanıstan və Çində yaşayan türk xalqları, və ya sonucu türk - Baburəsilli padşahın üsyanı yatırıldıqdan sonra Hindistanda müsəlman-türkəsili sülalələrin qurduğu dövlətlərin işğalının başa çatmasına, türkəsilli hərbi və siyasi elitanın olmazın zülmə məruz qalaraq ya assimilyasiyaya ya mühacirətə məcbur edilməsinə reaksiya, demək olar ki, yox idi. Rəsulzadənin, sonralar isə Məmməd Sadiq Aranın İran azərbaycanlılarının hüquqsuzluğu haqda silsilə məqalələri də müəyyən maarifləndirici əhəmiyyət daşısa da, türk ictimai rəyində İran Azərbaycanındakı milli hərəkata laqeyd münasibəti dəyişə bilməmişdi. İsmət İnönü hakimiyyəti zamanı isə Məmməd Sadiq Aranın İran azərbaycanlıları haqda yazdığı kitabın çapı yasaq olunmuşdu. Çinin türk xalqlarının diqqətə alınması çox- çox sonralar baş verdi, bu da ideoloji səbəblərdən daha çox, geosiyasi konyuktruraya uyğun diqqət idi. Yəni panslavizm Osmanlı imperiyası torpaqlarının işğalına ideoloji bəraət məzmunu kəsb etmişdisə, pantürkizm də buna cavab olaraq Rusiya əsarətindəki türk xalqlarını təşkilatlandırmağı, Osmanlı dövlətinə meyl etmələrini təmin etməyi hədəfləyirdi deyə təsbit edə bilərik.

Hüseynzadə Azərbaycanda başlatdığı pantürkizm ideyasının İstanbulda praktik tətbiqinə - Yusuf Akcura, Ziya Gökalp, İsmayıl Qaspıralı, Ziya Paşa, Süleyman Paşa və s. ilə türkçülük və osmançılıq fikrini bir araya gətirən, milli bərabərliyi təbliğ edən pantürkizm hərəkatına çevirməyə başladı – bununla da XIX əsrdə Osmanlı dövlətində intellektual dairələrlə məhdudlaşan türkçülük XX əsrin ikinci 10 illiyinin əvvəllərindən etibarən mədəni sahədən siyasi-ideoloji səviyyəyə qaldırıldı.



O, Volqaboyu tatarı Yusuf Akçura ilə “Rusya Mahkûmu Müslüman Türk – Tatarların Hukukunu Müdafaa Komitesi” adlı bir cəmiyyət qurmuşdu. Birlikdə I Dünya müharibəsi illərində Avropa şəhərlərini dolaşaraq Rusiya əsarətində olan türk xalqları ilə Anadolu türkləri arasında qopmuş sosial-mədəni əlaqələrin bərpası üçün təbliğat aparırdılar. 1916-cı ildə Lozannada keçirilən bir beynəlxalq konqresdə Türkiyə heyətinə başçılıq edən Ə. Hüseynzadə Rusiyanın Almaniyaya əsir düşən türk xalqlarından olan əsgərlərin sərbəst buraxılmasını və onlardan bir hərbi birlik yaratmağı təklif etmişdi.

Ə.Hüseynzadə çıxışında Osmanlı dövlətini etnik azlıqları sıxışdırmaqda günahlandıran Avropa sosialistlərinə sərt cavab vermişdi. Onun bu çıxışının bir sıra tezisləri ideoloji-geosiyasi aspektdən günümüzdə də aktual olaraq qalır: “Osmanlı dövlətində milli məsələ dünya millətlərinin müstəqilliklərini qazanmalarına bağlıdır. Kapitalist imperializmin müharibədə meydana gətirdiyi problemlər arasında türk məsələsi diqqətlə nəzərdən keçirilməlidir. Sosialistlərin bir qismi kapitalist dünyanın İslam aləminə qarşı apardığı davranışı davam etdirir. İngiltərədəki Leyboristlər (Fəhlə) Partiyası Türkiyənin gələcəkdə Millətlər Cəmiyyətindən çıxarılmasını istəyir. Yəni sosialist iddiasına rəğmən kapitalist zehniyyəti içində qalıb. Müsəlman, türk düşmənliyi bu iddiaların başında gəlir. Alman və fransız sosial-demokrat partiyalarının çoxunda bu kimi iddialar davam edir. 1908-ci ilin türk ihtilalı (inqilabı) bu xəstə dünyagörüşünü ortadan qaldırmaq qayəsi güdürdü. İmperiyanın (Osmanlı) bütün etnik ünsürləri arasında bərabər hüquqlara görə azad bir nizam qurmağa doğru gedilirdi. Təəssüf ki, imperialist dünya Türkiyəyə bir dəqiqə belə nəfəs almağa imkan vermədi. İtaliya səbəbsiz Trablusa (Liviyanın Tripoli şəhəri-red) hücum etdi. Avropa Osmanlının toparlanmasına fürsət verməmək üçün Balkan müharibələrinə başladı. Türkiyənin Dünya müharibəsinə girməsi də imperialist hücumların yaratdığı bir məcburiyyətdir. Çanaqqala zəfəri imperialist dünyanın hücumu qarşısında bir sədd oldu və bu böyük hadisə Şərq millətlərinin oyanmasına zəmin hazırladı” (Turan, Ali Bey Hüseyinzade, s. 72-73).

Amma 1926-cı ildə İstiqlal Məhkəməsində mühakimə olundu və 1923-cü ildə Cavid bəyin evində iştirak etdiyi çay ziyarətinin İzmir sui-qəsdi ilə əlaqəli olduğu üçün bəraət aldı. Bundan sonra Ə. Hüseynzadənin siyasi fəaliyyətdən uzaqlaşdığının şahidi oluruq. Daha çox həkim kimi fəaliyyət göstərir, 1930-cu ildə Dəri və Zöhrəvi Cəmiyyətin qurucuları arasında idi.

İttihat və Tərəqqi Partiyasının Mərkəzi Komitəsinin başqa bir üzvü – Ə.Ağaoğlu İslam dünyasında qadın mövzusuna diqqəti çəkən ilk müsəlman ziyalılardan biridir. Onun “İslamda qadın” mövzusunda çalışması var.

Bununla yanaşı Ağaoğlunun ziddiyyətli baxışları bu məsələdə də özünü biruzə verirdi. Türkiyənin tanınmış siyasət tarixçisi Tarık Zafer Tunaya” Türkiyədə siyasi partiyalar - ikinici məşrutiyyət dövrü” adlı monoqrafiyasında Türkiyənin qadın təşkilatları adlı bölümündə maraqlı fakta toxunur. Qeyd edilir ki, İttihad və Tərəqqi hökumətinin parlamentində qadın azadlığı da müzakirə mövzusu olub. Xarici pasportlar haqda qanun müzakirə olunarkən parlamentin məbus (deputat) və əyan (senator) üzvləri ikiyə bölünür. Əyan Məclisində Rəşid Akif Paşa qadınların tibbi və digər ehtiyaclara görə təsəttür şərtlərini əməl edərək xaricə getməsini mümkün sayırdı. Amma Ağaoğlu bu qanuna qarşı çıxmış, mühafizəkar ailə modelinə zidd olacağını demişdi.

Maraqlıdır, Türkiyədə bəzi müəlliflər Ə. Ağaoğlunun siyasi-ideoloji görüşlərini dəyərləndirərkən onun “irançı” fikirlərə meylli olduğunu vurğulayırlar. Onun barəsində bir araşdırmada Ə.Ağaoğlunun siyasi, ideoloji, dini və sosial fikirləri “İrançılıq, türkçülük, qərbçilik və liberalizm” olaraq dörd başlıqda dəyərləndirilir. Hərçənd ki, Ə.Ağaoğlunu “İrançı” saymaq müəyyən qədər şişirtmədir. Ağaoğlunun “irançılığı” müəyyən qədər Avropadakı tələbəlik illərinə təsadüf edir. “İranı Azərbaycan türklüyünün bir parçası” sayan dünyagörüşü ilə da bağları yoxdur. Əslində onun Londondakı Beynəlxalq Şərqşünaslıq Konqresində "Şiə dinində məzdəki inancları" və Fransada iki başqa tədbirdə “Şiə məzhəbinin qaynaqları” və “İslam və axund”, “İslamçılıqda qadın” adlı çıxışları elmi-tənqidi xarakterdədir (Georgeon F., “Azerbaycanlı Bir Entelektüel’in Ortaya Çıkışı: Ağaoğlu’nun Fransa Yılları 1888-1894”, Toplumsal Tarih, sayı:8, Ağustos 1994, s. 8. Aygün Həşimova, XX əsrin birinci yarısı Azərbaycan Mühacirəti, s. 19.).

Məruzənin mətni sonralar Kembric Universitetinin xərci ilə bir neçə qərb dilində çap olunmuşdur. 1891–1893-cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" adı altında silsilə yazıları çap olunur .Amma obyektivlik naminə demək gərəkdir ki, Ağaoğlunun həmin çıxışları olduqca sanballı olmuş, İran şahı tərəfindən buna görə Aslan-Günəş (Şiri-Xurşid) ordeni ilə də təltif edilmişdi.



Mərhum tarixçi alim Aydın Balayev Əhməd Ağaoğlundan bəhs edən “Türkçülüyün patriarxı” adlı monoqrafiyasında bu barədə yazırdı: “Amma Ağaoğlu hansı cəmiyyətə aid olduğunu, həmin cəmiyyətin sərhədlərini müəyyən etməli idi və bu suallara olan cavabı onun həyatı boyu dəyişirdi. Belə şeylər barədə ilk dəfə Parisdə yazmağa başlayanda özünü iranlı kimi təqdim edirdi. Farsca onun ana dili olmasa da, Ağaoğlu şiə müsəlman idi və Qafqaz uzun müddət İranın mədəni-siyasi hökmranlığı altında olmuşdu. Bəlkə də həmin dövrdə Avropada məşhur olan ari irqi nəzəriyyələrinin təsiri altında Ağaoğlu qədim Persiyanı ideallaşdırırdı, lakin Parisdəki bəzi müəllimlərindən fərqli olaraq o, hesab edirdi ki, şiə İslamında inqilabi potensial var. O yazırdı: “Əgər bir gün müsəlmanlar ayağa qalxacaqsa, bu, şiə dünyasının hesabına baş verəcək.” Onun qənaətinə görə, bu zaman Türkiyə “uğurlu olmayacaq, çünki Türkiyədə fərdiyyətçilik ölüb.” (https://bakuresearchinstitute.org/book-review-the-patriarch-of-turkism-ahmet-bey-agaoglu-2/)

Qeyd edək üsyankar şiə ruhu haqda qənaətlər çox sonralar islam inqilabının ideoloqu Əli Şəriəti tərəfindən də təsbit ediləcəkdi. O bu təsbitləri Lev Trotskinin permanent inqilab nəzəriyyəsi ilə qəribə şəkildə əlaqələndirəcəkdi.

Azərbaycan ziyalıları arasında Ə.Ağaoğlu daha qərbpərəst idi. Buna görə hələ erkən gənclik illərindən ona Firəng Əhməd də deyilirdi. (Doğumunun 150. yılında türk dünyasının görkemli içmtimaî siyasî hadimi Ahmet Ağaoğlu sempozyumu. Səh 127 https://www.istanbulturkocagi.org/kullanici/goruntu/bilgiler/el/pdf/agaoglu_ahmet.pdf).

Türkiyəli tarixçi Nuri Civeli “Liberalizmin dayanışma yanlısı savunusu: Ahmet Ağaoğlu’nda Durkheim tesiri” adlı tədqiqatında qeyd edir ki, Ağaoğlunun fikirlərinin formalaşması və gedişatına nəzər salındıqda onun adı Türkiyədə liberal düşüncənin ilk adları sırasında çəkilir.”

Ancaq liberalizm fərqli alt-ənənələrə malik olsa da, Türkiyədə monolit və anqlo-amerikan ənənəsi kimi qəbul etmək vərdişinə görə, bəzən Türkiyədə Ağaoğlunu nifrətlə, yarımçıq liberal kimi qəbul edirlər. Ağaoğlu zaman-zaman türkçülərin gözündə belə liberal sifətinin indiki mənfi mənalarına görə Niyazi Berkesin Akçura haqqında dediyi kimi “unudulmuş adam”a çevrilib”. (Yenə orda, səh 361)

Çox sonralar - Avropa və Rusiyanın oyunları ilə ermənilər Anodoluda və Azərbaycanda qətliamlar törədəndə Hüseynzadə kimi o da Avropanın davranışlarında pərdəarxası “oriyentalist məntiqi” sezəcəkdi.
Ağaoğlunun türklüyə baxışı daha çox “imperiya kimliyi” üzərindən bir dəyərləndirmədir. O, hesab edirdi ki, dünya tarixi böyük millətlərin dünyaya verdikləri siyasi nizamlardan ibarətdir. Bu gün dünya tarixinə Avropa millətləri istiqamət verir, daha əvvəllər bu prosesdə türklər, iranlılar, ərəblər, çinlilər rol almışdılar. Dolayısı ilə türklər dünya tarixinə istiqamət verən bir millət səviyyəsindədir. Düzdür, bu mülahizəsi ilə bağlı Ağaoğlu bəzən tərəddüd keçirirdi, bəzi yazılarında “türklərin assimiliyasiyaya meylli icma” olduğunu vurğulamışdı.

1908-ci ildə İstanbula yerləşdikdən bir il sonra Ə.Ağaoğlu artıq tam türkçü idi. Balkan savaşında Osmanlı dünyası ağır psixoloji sarsıntı keçirərkən Ə.Ağaoğlu 1911-ci ildən nəşr olunmağa başlayan “Türk yurdu” jurnalında (hazırda “Türk Ocaqları” Baş Mərkəzinin aylıq mətbuat orqanıdır) türkçülük mövzusunda ciddi yazılar dərc etdirir. Az bir müddətdə o, türkçü ideologiyasının təbliğatçısı kimi tanınır və “Bütöv bir türk tarixi və kimliyi” görüşünü ön plana çıxarır. Ə.Ağaoğlunun tanınmış şair, İttihad və Tərəqqi hökumətində məmur olan Süleyman Nafizə verdiyi bir cavab həm də onun türk tarixinə və ümumtürk kimliyinə baxışını əks etdirir: “Siz türklüyü ikiyə bölürsünüz: Birincisi, Osmanlı tarixi ilə başlayan türklük, digəri isə Osmanlı tarixindən əvvəl yaşamış və yaxud Osmanlı dövlətinin xaricində olan türklər. Siz bu ikinci qisimləri tamamilə atır, onlardan nifrət edirsiniz! Halbuki türklük üqnumu (hipostaz) vicdanınızda həqiqətən caygir (yerləşmiş) olsaydı, türklüyün millət və qövm etibarilə qeyri qabil-i inqisam (bölünməz) olduğunu anlardınız. Mütəfəkkiri sizin kimi düşünən heç bir qövm və millətə təsadüf edilməz. Dünyada bir ərəb, bir əcəm, bir fransız, bir ingilis, bir alman tapmazsınız ki, öz qövmünü ikiyə bölsün, birini qəbul və digərini rədd etsin. Belə bir təqsim (parçalama) nə elmə, nə ağla, nə də məntiqə uyğundur. Millət, qövm mahiyyəti etibarilə qeyri qabil-i təcəzzi bir vahidi külli mənəvidir (kiçik parçalara bölünməyən bütövdür)” (Ahmet Agayev, “Sabık Trabzon valisi Süleyman Nazif Beyefendiye”, Türk Yurdu, II (3-4), 45, 25 Temmuz 1329 (7 Ağustos 1913), s. 378.)

Ə.Ağaoğlunun fikirləri və bəzən onları korrektə etməsi onun həmin məqamdakı siyasi mənsubiyyətindən irəli gəlirdi. O, zamanın şərtlərinə uyğun siyasət yürütməyi bacarırdı. Odur ki, Osmanlı dövlətinin də, Cümhuriyyət Türkiyəsinin də siyasətində yer ala bilmişdi. Sovet düşməni olsa da, Sovet Rusiyası ilə Türkiyə arasında təmasların qurulmasında iştirak etmişdi. Hətta Qarsa gələn bolşevik komissarı Semyon Aralovu yanına alıb Ankaraya gətirmişdi. Xatırlada ki, sonralar S.Aralovun Türkiyə Respublikası qarşısında xidmətləri nəzərə alınaraq Taksim meydanında ucaldılmış abidədə Kliment Voroşilovla bərabər o da əks olunmuşdu. Ə.Ağaoğlunun seçimi Türkiyə üçün bu qədər faydalı olmuşdu.

Ağaoğlu kritik məqamlarda Türkiyə siyasətinin “restart” (yenidən yüklənmə) ehtiyacını vaxtında sezirdi. O, dünyanın siyasi gündəliyini yaxşı təqib edir, araşdırır və fəaliyyətini də buna tabe etmişdi ki, Türkiyə dünyada gedən proseslərdən kənarda qalmasın.

Sərbəst Respublika Partiyasının ideoloqu olarkən Ə.Ağaoğlu artıq liberal düşüncələri təbliğ edirdi.

Hələ Bakıda olarkən Azərbaycanda türkçülük düşüncəsinin əsas simalarından sayılan və Rusiya Müsəlmanları Qurultayının ilk təşəbbüsçülərindən olan Ə.Ağaoğlu İkinci Məşrutiyyətin elanından sonra İstanbula gələndə Ə.Hüseynzadə, Z.Gökalp, Yusuf Akçura və s. ilə birlikdə “Türk Yurdu” “Türk Ocaqları” cəmiyyətlərinin qurucuları sırasında yer aldı, “İttihad və Tərəqqi”nin nüfuzlu siyasi fiqurlarından biri kimi “türkçülük axınının liderləri sırasına girdi”. 1918-ci ildə Azərbaycana Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi gələn, iki türk dövlətinin parlamentində millət vəkili olmağı bacaran Ə.Ağaoğlu Maltaya sürgündən qayıtdıqdan sonra Qurtuluş savaşı (1919-1922) zamanı Ankarada Cümhuriyyətin qurucuları sırasında idi - Ə.Ağaoğlu Türkiyə parlamentinin II və III çağırışlarında millət vəkilli, CHP üzvü idi, yeni dövlətin qurucusu Mustafa Kamala inqilablar (islahatlar-red) məsələsində müşavirlik edirdi ("Fahri Sakal, Ağaoğlu Ahmet Bey'in Demokrasi Anlayışı, Atatürk Araştırma Merkezi Dergisi, Sayı 34, Cilt 12, Mart 1996".).

Bu dövr Ə.Ağaoğlu Z.Gökalp, M.Yurdakul, Y.Akçura və “türkçülük axını”nın bir sıra məşhur simaları kimi turançılıq cizgisindən artıq geri çəkilir və Türkiyə siyasi tarixində liberal kamalizmin qurucusu kimi tanınır ("Atatürk Dönemi Düşünürlerinin Gözüyle Kemalizm ve Türk kökenli İnkılabı" (PDF). Ankara Üniversitesi. 2014; "Tek Partili Türkiye'de Liberal Gelişmeler"; "Erken Dönem Cumhuriyet'te Ahmet Ağaoğlu'nun Kemalizm'i Liberal Perspektiften Yorumlama Çalışmaları – Salih Zeki Haklı". Liberal Düşünce Derneği).

Liberal atatürkçülük və ya liberal kamalizm Türkiyə Cümhuriyyətinin qurucu ideologiyası olan atatürkçülüklə liberalizmin simbiozu Əhməd Ağaoğlunun kamalizmi liberal dəyərlər aspektindən dəyərləndirməsi nəticəsində ortaya çıxmışdı. Millət vəkili, “Matbuat Umum Müdürlüğü”nün başçısı və yenidən qurulan Anadolu Ajansının İdarə heyətinin sədri oan Əhmədoğlu Cümhuriyyətin təbliğatşısı və ideoloqu idi (Fatih Bayhan, Millî Mücadele'de Ahmet Bey Ağaoğlu, Sebilürreşad Dergisi Mayıs 2020, Sayı:1052).

Özünü “inqilabçı və kamalist” adlandıran Ə. Ağaoğlu çalışmaları ilə liberal kamalizm düşüncəsini inkişaf etdiməyə cəhd edirdi. O, hakim Cümhuriyyət Xalq Partiyasının (CHP) bəzi siyasətlərini tənqid edə bilir, partiya daxilində demokratiyanı, fərdi azadlıqları müdafiə edirdi. Ə.Ağaoğlu Atatürkün tövsiyəsi ilə 1930-cu il avqustun 12-də Sərbəst Cümhuriyyət Partiyasının (SCP) qurucuları sırasında yer aldı. Sədr Fethi Okyardan sonra SCP-nin “ikinci nömrəsi” Ə.Ağaoğlu sayılırdı və partiyanın ideoloji konsepsiyasını o müəyyənləşdirmişdi.

SCP CHP-dən fərqli olaraq iqtisadiyyatda liberalizm tərəfdarı idi. Partiyanın üzvləri arasında Ağaoğlu ilə yanaşı, “türkçülük axını”nın M.Yurdakul, İbrahim Süreyya Paşa kimi simaları və 1950-1960-cı illərdə Türkiyənin baş naziri olacaq Adnan Menderes də vardı.

SCP qapadıldıqdan sonra Ə. Ağaoğlu CHP-yə qayıtmadı və 1933-cü ildə hökumətə qarşı müxalif “Akın” qəzetini nəşr etməyə başladı və 119 sayı çıxdıqdan sonra qəzeti qapatdılar.

1931-ci ildə “Türk ocaqları”nın qapadılması ilə “Türkçülük axını” Türkiyənin siyasi səhnəsindən faktiki olaraq çəkildilər, bu ideya və hərəkatın daşıyıcılarının yalnız siyasi deyil, ictimai fəallıqları da minimuma endirildi.

II Məşrutiyyət dövründə İstanbulun türkçü ideoloqları arasında Məhəmməd Əmin Rəsulzadə də qısa müddətə (1911-1913) olsa da yer almış, “Türk Ocağı” və “Türk Yurdu”nda türk tarixi və ədəbiyyatı, siyasət ilə bağlı yazılarla çıxış etmişdi. Rəsulzadənin yazıları türkizmin Osmanlı siyasətində yenicə özünü göstərdiyi bir vaxtda yerində və təsirli idi. O, İstanbulda olanda Trablus qərb savaşında (İtaliya-Osmanlı müharibəsi-1911-1912) ərazi itkiləri imperiyanı sarsıtmışdı və türkçülük yeganə xilas yolu kimi görünürdü.

Rəsulzadənin “Türkçülük, yoxsa osmanlıçılıq” məqaləsi osmançılıqla türkçülük arasında qalan Osmanlı ziyalılarına bir yol göstərirdi. Rəsulzadə bu məqaləsində “osmançılıq” anlayışın artıq Osmanlı dövlətinin qarşılaşdığı reallıqlara cavab vermədiyini deyərək türkçülüyün istiqamətverici olduğunu yazırdı (Oruclu M., Azərbaycanda və mühacirətdə Müsavat partiyasının fəaliyyəti (1911-1992), Bakı 2001, s. 36.; Yaqublu, Məmməd Əmin Rəsulzadə, s. 45.;Həşimova, Azərbaycan mühacirəti, s. 60).

Rəsulzadə Ə.Hüseynzadə və ya Ə.Ağaoğlundan daha az türkçü deyildi, amma turançı da deyildi. Onun davası daha çox Azərbaycanın istiqlalı ilə bağlı idi. Rəsulzadənin İran türkləri ilə bağlı məqalələr seriyası Osmanlını maarifləndirirdi, bir çoxları agah olurdular ki, Anadolunun xaricində də türk dillərində danışan insanlar var.



İttihadçı hökuməti zamanı İstanbulda olan Rəsulzadə və başqalarının Osmanlı siyasətinə pozitiv təsirlərindən biri həm də süni şiə-sünni konfrontasiyasına qarşı sərt mövqe qoymaları idi. Məhz onların fəaliyyətləri sayəsində mürtəce zehniyyətlər xeyli dərəcədə korrektə edildi. Hərçənd sonrakı yazılarımızda təqdim edəcəyimiz araşdırmalara əsasən deyə bilərik ki, təəssüf ki, məzhəb ayrı- seçkiliyi üzündən azərbaycanlıların xor görülməsi Türkiyə siyasətində uzun müddət aktual olaraq qalmışdı.

Rəsulzadənin “Türk yurdu”nda yazdığı məqalələrin bir çoxu məhz bu ağrılı mövzuya həsr edilmişdi. O yazırdı ki, məzhəblərarası süni münaqişə yaratmaq istəyənlərin bəsləndikləri məsələ “zamanı keçmiş bir hadisə və türk maraqlarına vurulması arzolunan zərbədir” (Akpınar Y., Mehmet Emin Resulzade, İstanbul 1990, s. 11; Yaqublu, Məmməd Əmin Rəsulzadə, s. 43-44; Haşimova, Azərbaycan mühacirəti, s. 65)

II Məşrutiyyət zamanı İstanbul gələnlər arasında İsmayıl bəy Qaspıralının kürəkəni Nəsib bəy Yusufbəyli də vardı və “Ağaoğlu, Hüseynzadə, Gökalp, Sübhi və digərlərinin səfində yer almışdı” (Haşimova, Azərbaycan mühacirəti, s. 60). Tarık Zafer Tunaya yuxarıda qeyd etdiyimiz monoqrafiyasında N.Yusifbəylinin ocaqlardakı fəaliyyətini bu qeydlə təqdim edir: “Cəmiyyətin damı altında tanınmış simalar cəm olmuşdu. Bu qrup içində əvvəlcə tanınmış şərqşünaslar- professor Qorlovski, doktor Karaçun, professor Martin Hartman bunlar arasındadır... Məşhur pantürkist müəlliflər də Cəmiyyətin üzvləri arasındadır: İsmayıl Qasprinski, Mehmed Emin Yurdaqul, Fuad Köprülüzadə, Yusuf Bəyzadə Nəsib...” Soyadı müəyyən qədər fərqli təqdim olunsa da, T.Tunaya Nəsib bəyi Azərbaycanın baş nazirlərindən deyə təqdim etməklə söhbətin məhz Yusifbəylidən getdiyi anlaşılır (İstabul, yanvar 2024, Kronik nəşriyyatı, səh 390).

Q.Bayramov, C.Quliyev

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.



Şərhlər

Yaz...