Tarix: 17.10.2024 / 12:10
Türk məşqçi rusiyalı deputatı    niyə qəzəbləndirib?

Türk məşqçi rusiyalı deputatı niyə qəzəbləndirib?

Türk məşqçi Nuripaşa Talıbov Olimpiya çempionu və Dövlət Dumasının deputatı Svetlana Jurovanı qəzəbləndirib. Buna səbəb Nuripaşa Talıbovun öz yetirməsinin - boksçu Artur Beterbiyevin Kanada bayrağı altında çıxışı ilə bağlı dediyi sözlər olub.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, ötən bazar günü Kanada bayrağı altında döyüşən rusiyalı boksçu Artur Beterbiyev öz həmyerlisi Dmitri Bivolu məğlub edərək, yüngül ağır çəki dərəcəsində (79,4 kiloqrama qədər) mütləq Dünya çempionu olub. Rusiyalı boksçunun Kanadaya qələbə qazandırması, miqrasiyaya getməsi Rusiya cəmiyyətində müxtəlif qınaqlara səbəb olub. Buna cavab olaraq Beterbiyevin məşqçisi Talıbovun “o, bu qərarı kefindən, yaxşı həyat yaşadığına görə verməyib, lakin Rusiyanı təmsil etməkdən məmnunluq duyardı” deməsi qəzəbə səbəb olub.

Boksçunun 10 ildir Kanadada yaşadığını və 2022-ci ildən bu ölkə bayrağı altında yarışdığını vurğulayan deputat Jurova ona öz etirazın bildirib: “Döyüşlər iki ildir ki, davam edir. Kanadada isə çox güclü Ukrayna diasporası, ümumilikdə lobbisi var. Orada düşmən düşərgəsindəki kimisən, məsələ o qədər də sadə deyil”.

Bununla belə, Jurova boksçunun Kanadaya perspektivlər və imkanlar naminə getdiyini anladığını da deyib.

Qeyd edək ki, münaqişəyə səbəb olan sözlərin müəllifi Nuripaşa Talıbov əslən Dağıstan türkü –kumıkdır. Bir müddət “Baku Fires” Klubunun baş məşqçisi vəzifəsində çalışıb, Azərbaycana nüfuzlu mükafatlar gətirib. Onun Azərbaycandakı fəaliyyəti də Rusiya idman ictimaiyyətində qıcıq doğurmuş, ünvanına ittihamlar səsləndirilmişdi. O da cavabında “Azərbaycan yaxşı pul verdiyinə görə ora gedirik” demişdi.

Şərhlər

Yaz...