İzmirdə yerləşən "Space Camp Türkiye" azərbaycanlı məktəblilərə kosmos texnologiyaları üzrə təlim keçib. Proqrama astronavt simulyatorları və Marsın kolonizasiyası kimi fəaliyyətlər daxildir.
Diaspora.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Kosmik Elmlər Sərgi Komissiyası tərəfindən lisenziyalı iki kosmik düşərgədən biri olan İzmirdəki düşərgə, müxtəlif ölkələrdən çoxlu sayda uşağ, gənci və kosmosa həvəsli yetkinləri qarşılayır”- deyə Ege Sərbəst Bölgəsi Qurucusu və Operatoru A.Ş. bildirib.
Bu çərçivədə “Space Camp Türkiye” və Azərbaycan Kosmos Agentliyinin “Azərkosmos”la birgə təşkil etdiyi xüsusi proqramda 14 azərbaycanlı uşağa kosmik texnologiyalar üzrə təlimlər verilib.
Kosmik texnologiyaları yaxından öyrənmək imkanı qazanan şagirdlər, astronavt simulyatorlarının hazırlanması, Marsın kolonizasiyası, Aya uçuş simulyasiyaları kimi fəaliyyətlərə qatılıblar.
Azərbaycan Kosmik Agentliyinin Kosmos Akademiyasının direktoru İmran Muxtarov “Space Camp Türkiye” ilə həyata keçirilən proqramın çox uğurlu olduğunu bildirib.
“Kosmik Akademiyamız və Kosmik Düşərgə Türkiyə əməkdaşlığımız türk dünyasında kosmos sahəsində məlumatlılığı artırmaq və gələcək kosmos liderlərinin yetişdirilməsinə zəmin yaratmaq, məqsədi daşıyır”- deyə o bildirib.