“Kanadada yaşayan azərbaycanlı Yeganə Cəfərova “İlin ən yaxşı müəllimi” adına layiq görülüb”.
Bu barədə Diaspora.TV-yə açıqlamasında Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlarına Dəstək Cəmiyyəti İdarə Heyətinin üzvü Yeganə Cəfərova özü məlumat verib.
Y.Cəfərova bildirib ki, artıq 10 ildir Kanadada “Pharma Medical Science Kanada” kollecində professor kimi fəaliyyət göstərir:
“Kanadada Kolleclər Assosiasiyasında qabaqcıl müəllim kimi fəaliyyətim var. İlk dəfə orada “İlin ən yaxşı müəllimi” seçilmişdim. 2018-2019-cu illər və pandemiyadan sonra 2022-2023-2024-cü illərdə də 5-ci dəfə bu ada layiq görüldüm”.
Y.Cəfərova qeyd edib ki, 14 sentyabrda buraxılış tədbiri keçiriblər:
“Tələbələrlə yollarımız ayrıldı, bu səbəbdən diplomlar təqdim edildi. Mən də yaxından iştirak etdim, tədbirdə çıxışım oldu”.
Diaspor fəalı qeyd edib ki, çalışdığı yer tibb kollecidir, həmçinin orada humanitar fakültələr də var:
“O fakültələrdən birində də məktəbəqədər işləyəcək müəllim köməkçilərini hazırlayırlar. Həmin proqramın müəllimiyəm. Başqa kollecdə də çalışıram, orada da məktəbəqədər tərbiyə müəssisələrində işləyən müəllimlərə dərs keçirəm”.
Y.Cəfərova əlavə edib ki, bu həftədən etibarən Azərbaycan dili dərslərinə də start verəcəklər.
Xəyalə Zöhrab
Diaspora.TV