“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az Media Qrupunun rəhbəri Fərid Şahbazlı Belarusun paytaxtı Minskdə səfərdədir. “İslahatçı Gənclər” İctimai birliyinin sədri və heyəti səfər çərçivəsində Belarusda bir sıra mühüm görüşlər keçirib.
F.Şahbazlı Diaspora.TV-yə bildirib ki, səfər zamanı “Veçerniy Minsk” Media Qrupunun baş direktoru, Belarus Jurnalistlər Birliyinin sədri Andrey Krivoşeyev ilə görüşüb. Görüşdə Belarus və Azərbaycan mediası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında müxtəlif istiqamətlərdə çoxsaylı layihələr həyata keçirilir.
F.Şahbazlı qeyd edib ki, iki ölkənin mediası arasında da əməkdaşlığın böyük perspektivləri var.
Görüşdə çıxış edən Fərid Şahbazlı Azərbaycanda keçiriləcək qlobal COP29 konfransının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu konfrans dünya birliyinin iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni yol xəritəsini müəyyən edəcək. Azərbaycanın bu beynəlxalq tədbirə ciddi hazırlaşdığını bildirən Fərid Şahbazlı qeyd edib ki, Bakı COP29 günlərində münaqişə tərəflərini atəşkəsə dəvət edir.
Belarus Jurnalistlər Birliyinin sədri və “Veçerniy Minsk” Media Qrupunun baş direktoru Andrey Krivoşeyev qurumun fəaliyyəti haqqında geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycan və Belarus mediasının birgə əməkdaşlığına, ortaq media layihələrinin həyata keçirilməsinə ciddi ehtiyac var. Jurnalistlər İttifaqının sədri qeyd edib ki, dezinformasiyalara qarşı mübarizədə hər iki ölkənin jurnalistləri birgə səy göstərməlidir.
"Səfər çərçivəsində Belarus Dövlət Televiziyası da ziyarət olunub. Televiziyanın fəaliyyəti, studiyaları və maddi- texniki bazası ilə tanış olduq.
"Belarus-24" televiziyasının rəhbəri Pavel Lazovik və heyəti ilə görüşdə iki ölkə mediası arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik" - deyə F.Şahbazalı bildirib.
Görüşlərdə və müzakirələrdə “Tribunainfo.az” informasiya portalının baş redaktoru Əlişir Əhəd də iştirak edib.
Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyinin Belarusa səfəri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.