Tarix: 14.11.2024 / 11:43

Azərbaycanlı iş adamının obyektinə basqın: qanunsuz spirtli içkilər, qumar oyunları...

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri, tanınmış iş adamı Şahin Şıxlinskiyə məxsus “Baku Plaza” Ticarət Mərkəzinə basqın edib.

Diaspora.TV xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.

Basqın zamanı azərbaycanlı iş adamına məxsus ticarət mərkəzinin zirzəmisində qadağan olunan oyun avtomatları və qanunsuz spirtli içkilər aşkar edilib.

Şahin Şıxlinski qanunsuz qumarxana təşkil etmək ittihamlarını təkzib edib. O, reydin “Baku Plaza”da icarəyə götürülmüş şirkətdə aparıldığını və aşkar edilmiş avadanlıqla birbaşa əlaqəsinin olmadığını bildirib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən reyd hələ bu ilin mart ayında aparılsa da, mətbuat bundan yalnız ötən gün xəbər tutub.

Qeyd edək ki, Şahin Şıxlınski "Ural-Azərbaycan” Sverdlovsk vilayəti Milli-Mədəni Təşkilatının sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.

Uzun illərdir Rusiyanın Yekaterinburq şəhərində yaşayan Şahin Şıxlinski 2004-cü ildən Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Federal Dairəsi üzrə regional bölməsinin rəhbəri, daha sonra Konqresin vitse-prezidenti olub.

Şərhlər

Yaz...