Tarix: 23.10.2024 / 10:24
Azərbaycanlı iş adamının evinə silahlı hücum olub    - Açıqlama

Azərbaycanlı iş adamının evinə silahlı hücum olub - Açıqlama

Marneuli bələdiyyəsinin Baydar kəndində iş adamı Vidadi Ömərovun evinə silahlı basqın olub. Hadisə oktyabrın 20-də, gecə saat 3-də baş verib.

Diaspora.TV Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Vidadi Ömərovun özü yerli mətbuata açıqlama verib.

O, bildirib ki, naməlum şəxslər evinə əl qumbarası atıblar. Hadisə zamanı evdə ailə üzvləri, o cümlədən azyaşlı uşaqlar olub.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl naməlum şəxslər ona zəng edərək pul tələb ediblər:

"Bir neçə həftə əvvəl müxtəlif nömrələrdən mənə zəng edib pul istədilər. Mən isə imtina etdim, dedim ki, kreditlə aldığım 3 yük maşınından başqa heç nəyim yoxdur. Bundan sonra evin həyətinə əl qumbarası atıldı. O vaxt anam, yoldaşım və uşaqlar da evdə idi. Atəş səslərini eşidib bayıra çıxdıq, lakin heç kəsi görə bilmədik. Polisə xəbər verdik, gəldilər. Hadisəni kimin törətdiyini bilmirəm və heç kimdən şübhələnmirəm. Polis hələ də bizə heç bir məlumat verməyib və heç kəsi saxlamayıb", - deyə iş adamı bildirib.

Qeyd edək ki, faktla bağlı istintaq başlayıb.


Şərhlər

Yaz...