“Beşiktaş” Futbol Klubunun ən böyük azarkeş qrupları “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun adını klubun prezidentliyinə namizəd olaraq irəli sürüb.
Diaspora.TV xəbər verir ki, bu barədə sözügedən şirkətin sözçüsü Fidan Quliyeva məlumat verib.
Məlum olduğu kimi, Türkiyənin ən köklü və ən böyük futbol klublarından biri olan “Beşiktaş” klubunun qarşıdan gələn klub prezidenti seçkiləri həm azarkeşlər, həm də futbol dünyasında böyük maraq doğurur.
“Beşiktaş” geniş azarkeş kütləsinə sahibdir. Buna görə də klub başkanlığı yarışına dair müzakirələr və ehtimallar sosial mediada sürətlə yayılır.
X-də azarkeşlərin dəstək verdiyi namizədlər arasında azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun da adı çəkilir. “Klub fanatları həm Mübariz Mənsimova, həm də yerli iş adamlarına hazırda maddi sıxıntı yaşayan “Beşiktaş” klubuna dəstək verilməsi ilə bağlı çağırış ediblər. İş dünyasındakı təcrübəsi və idman yatırımları ilə məşhur olan M. Mənsimov azarkeşlər arasında xüsusi diqqət çəkir”,- deyə azarkeşlərin paylaşımında qeyd olunub.
Azarkeşlərin klub prezidentliyi ilə bağlı təklifinə Mənsimov hər hansı bir fikir bildirməyib. Onun bu təklifi qəbul edib-etməyəcəyi hələlik məlum deyil.