Tarix: 07.08.2024 / 16:15
Azərbaycanlı gənclərə güzəştli imkanlar yaradılmalıdır   - Ekspert

Azərbaycanlı gənclərə güzəştli imkanlar yaradılmalıdır - Ekspert

“Azərbaycanlı gənclərə dünyanın hansı ölkəsində olursa olsun, güzəştli imkanlar yaradılmalı, vətənə qayıtmaları, dəyərlərimizə bağlanmaları yaxşı olardı”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında təhsil eksperti Şahin Rəcəb deyib. Ekspert bildirib ki, uşaq yaşlarından bəzi səbəblərdən valideynləri miqrasiya edərkən xaricdə dünyaya gələn gənclərimiz həmin ölkənin vətəndaşlığını aldıqdan sonra orada təhsillərini davam etdirir və mütəxəssis kimi həmin ölkələrin bazasına daxil olurlar:

“Əlbəttə ki, gənclərimiz arasında ölkəyə qayıtmaq, burada təhsil almaq istəyənlər çoxdur. Vətənə bağlılıq, maraq, dəyərlərimizə sahib çıxmaq istəyi gözəl hissdir. Buradan xaricə təhsil almağa gedən gənclər kimi xaricdəki azərbaycanlı gənclərimizin də ölkənin təhsil sisteminə inteqrasiyası vacib məsələlərdəndir”.

Şahin Rəcəb təəssüf hissi ilə vurğulayıb ki, bəzi gənclər xaricdə təhsil almağa gedir və qayıtmaq istəmirlər:

“Təbii ki, bu həmin ölkələrdəki inkişaf səviyyəsi, imkanların əhatəsi ilə bağlıdır. Lakin bu gün gənc mütəxəssislərə ehtiyacımız böyükdür. Gənclərimiz doğma vətəndə təhsil imkanları əldə etdikdə, yaşadıqları ölkələrin təcrübələri, problemləri fərqli düşüncə tərzi ilə həll etməyə çalışırlar. Onlar ölkələrarası əlaqələrin inkişafında beynəlxalq təhsil mübadiləsinə töhvə verə bilərlər”.

Şahin Rəcəbin fikirincə, gənclərin bu inteqrasiyası yönümündə hüquqi imkan və bacarıqları tanınmalıdır:

“Bu səbəbdən xarici ölkələrdə yaşayan gənclərin təhsil güzəştlərindən istifadə imkanları araşdırılmalı, mümkün şərait yaradılmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...